"Qarabağın işğaldan azad edilməsi yeni marşrutların salınmasına imkan verir"


Siyasət 12 Noy 2020 17:57:00 166 0

"Qarabağın işğaldan azad edilməsi yeni marşrutların salınmasına imkan verir"

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Onlarla fəxr edirik! Ali Baş Komandan cənab İlham Əliyevin başçılıq etdiyi müzəffər ordu işğal altında olan Qarabağımızı və ətraf rayonlarımızı işğaldan azad etdi. Cənab Prezidentin çıxışlarında qeyd etdiyi kimi, bu torpaqlara həyat qayıdacaq, bu torpaqlar dirçələcək və inkişaf edəcək".

Bunu Son.az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

O bildirib ki, yaxın gələcəkdə Qarabağ əsas turizm istiqamətinə çevriləcək:

"Qarabağın turizm potensialı olduqca zəngindir. Təbiəti, tarixi, mədəni və dini abidələri, mətbəxi, meşələri, çayları, bulaqları və s. görməli yerləri var.

Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi dağ turizmi, sağlamlıq turizmi, qastronomiya turizmi, qış turizmi və digər növ turizm istiqamətlərinin açılmasına və yeni marşrutların yaradılmasına imkan verir. Qeyd etmək istəyirəm ki, mənfur düşmən işğal altında olan Qarabağ və ətraf rayonlarda mədəniyyət abidələrimizi dağıdaraq, infrastrukturu məhv ediblər və qarət ediblər. Bu səbəbdən ilk olaraq işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası, vətəndaşlarımızın geri qayıtması və yalnız bundan sonra istirahət məqsədli səfərlər təşkil oluna biləcək. Yaxın gələcəkdə Qarabağ əsas turizm istiqamətinə çevriləcək".

Təhməz Əsədov Son.az