"Fransa və Kanadanın ermənidən daha artıq ermənilik etmələri təəccüblü deyil"


Siyasət 12 Noy 2020 16:37:00 150 0

"Fransa və Kanadanın ermənidən daha artıq ermənilik etmələri təəccüblü deyil"

Minsk Qrupunun həmsədrlərindən biri kimi 26 illik fəaliyyəti dövründə Azərbaycan torpaqlarının işğalının davam etməsi üçün bütün mümkün vasitələrdən istifadə edən, dünyada qondarma erməni soyqırımı yalanının əsas körükçülərindən biri olan Fransanın rəsmi dairələrinin Ermənistanın acınacaqlı məğlubiyyətinə münasibətdə ermənidən daha artıq ermənilik etmələri təəccüb doğurmamalıdır.

Son.az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, bu, rəsmi Parisin Cənubi Qafqazdakı strateji hədəflərinin tamamilə sıradan çıxmasına, çirkli əllərinin bölgədən üzülməsinə, "kiçik bacısı" olan Ermənistana verdiyi "öyüd-nəsihətlərinə" fransızsayağı ağlaşmasıdır:

"İki bacı baş-başa verib ağlaşırlar. Bir məqamı da qeyd edim ki, Emmanuel Makronun rəhbərik etdiyi Fransa hakimiyyəti Ermənistanla, xüsusilə də uğursuz küçə siyasətçisi Nikol Paşinyanla bağlı məsələlərə, özündən öncəki sələflərindən daha aqressiv yanaşır. Fransanın daha öncəki prezidentlərinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına Makrondan daha ölçülü yanaşdıqlarını, düşünürəm ki, xatırlatmağa ehtiyac yoxdur.

Emmanuel Makronun və ətrafının sərsəmləmələrində isə onları Fransada hakimiyyətə gətirən qlobal bank-maliyyə fırıldaqçılarının - "rəngli inqilablar" epopeyası müəlliflərinin xüsusi rolu var. Emmanuel Makron Ermənistandan daha çox onunla eyni, yaxud paralel mərkəzlərdən idarə olunan Nikol Paşinyanın aqibəti üçün ağlayır. Çox güman ki, 2022-ci ildə Fransada keçiriləcək seçkilərdə, yaxud daha öncə özünün də acınacaqlı məğlubiyyətə düçar olacağından, milli dövlətlərin məhvi ideyası ilə çıxış edən müəllimlərinin arzu və istəklərinin tarixin arxivinə gömüləcəyindən narahatdır".

E.Mirzəbəyli bildirib ki, Kanada rəhbərliyinin də Fransa ilə eyni mövqe sərgiləməsi də baş nazir Castin Trüdonun dostu Emmanuel Makronla birlikdə Ermənistanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirakından sonra bir siyasətçi kimi simasını tamamilə itirməsi ilə bağlıdır:

"Əks təqdirdə Castin Trüdo monoetnik, yüzminlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyan, işğalçı, faşist Ermənistanda siyasi bənzəri Nikol Paşinyanın "ekstremizm, dözümsüzlük və nifrətə qarşı birgə mübarizə" haqqında səsrsəmləmələrini xüsusi heyranlıqla dinləməz, Azərbaycan rəqsinin sədaları altında Nikol və Emmanuellə birlikdə, ermənisayaq atılıb düşməzdi".