Qarabağ planı


Siyasət 12 Noy 2020 12:13:00 174 0

Qarabağ planı

Müharibənin qələbə sevinci qədər, acı reallığı da var. Sentyabrın 27-dən başlayan böyük Vətən Müharibəmiz iki gün öncə Azərbaycan xalqının növbəti qəhrəmanlıq salnaməsi kimi tarixin yaddaşına köçdü.

Döyüşlərin başladığı ilk günlərdən işğal altında olan ərazilərimizin azad edilməsi xəbərləri Azərbaycan xalqının qələbə əzmini, birlik-səfərbərliyini daha da artırdı. Acı məğlubiyyətləri ölkəsindən gizlətməyə çalışan rəsmi İrəvan isə döyüş meydanındakı ağır məğlubiyyətləri informasiya savaşında ört-basdır etməyə başladı və beləliklə müxtəlif platformalardan yalan məlumatları xalqına və dünyaya tirajladı. Hətta Paşinyan rejimi işğalçı silhalı birləşmələrinin Azərbaycan Ordusu tərəfindən məhv edilən hərbiçilərini gizlətmək məqsədilə bütün iyrənc üsullardan istifadə etdi. Düşmən öldürülən hərbçilərini ailələrindən gizlətmək məqasədilə meşəlik ərazilərdə qazılan xəndəklərə yığaraq üzərlərini torpaqla örtərək Azərbaycan əsgəri adı ilə ölkəsinə sırımağa çalışdı.

Lakin bu yalanların üstü çox çəkmədi. İki gün əvvəl Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi. Sənəddəki bütün bəndlərə əsasən, yerdə qalan ərazilərin qan axıdılmadan Azərbaycana təslim ediləcəyi məlum olan kimi Ermənistan gecəylə qarışdı. Qarabağa məcbur aparılan övladlarının ölüsündən-dirisindən hələ də heç bir xəbər almayan əsgər yaxınları Paşinyanın məğlubiyyət sənədinə imza atmasını həzm edə bilməyən minlərlə ermənilərlə birlikdə İrəvanı bürüyən etiraz aksiyalarının ən fəal üzvlərinə çevriliblər. Vətəndaş müharibəsi ilə üz-üzə qalan Ermənistanda dövlət çevrilişinə cəhd edən insanların sayı hər ötən saat durmadan artır.

Bütün bu hadisələrin fonunda Azərbaycanda fərqli hadisələr cərəyan edir. Hələ müharibənin gedişində hərbi hospitalda yaralı əsgərlərə baş çəkərək onlara göstərdikləri qəhrəmanlığa görə şəxsi adına təşəkkürünü ifadə edən Prezident, Ali Baş Komandan İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə tarixi qələbədən sonra ötən gün yenidən yaralı əsgərlərin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə olublar.

Dar gündə tanınan insan

44 günlük Vətən Müharibəsi zamanı xalqının daha çox inam, etimadını qazanan, milyonlarla soydaşını bir yumruq kimi ətrafında birləşdirməyi bacaran Ali Baş Komandanın zəfər tariximizin əvəzsiz pay sahibi olan yaralı hərbiçilərimizlə baş tutan bu görüşü bir çox nüansları ilə diqqət çəkdi. Ölkə başçısı 30 illik həsrətə son qoyan tarixi zəfərin əsas memarı kimi bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgərini bəyan etməsi sərkərdə kimi döyüşçülərinə verdiyi ən yüksək dəyər idi: "Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü və Azərbaycan xalqının təşəkkürünü bildirim. Siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz".

Tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq II Qarabağ müharibəsi dünyaya Azərbaycanın gücünü nümayiş etdirdi. Göstərdi ki, nə qədər on illiklər, əsrlər keçsə də Azərbaycan heç zaman ona edilən zülmləri, işğalları, xəyanətləri unutmur və unutmayacaq. Ali Baş Komandan yaralı əsgərlərlə görüşü zamanı xalqın birliyinin verdiyi gücün əhəmiyyətini xüsusilə qeyd edib: "Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik tarixi qələbədən sonra daha da yüksək səviyyəyə qalxdı". Prezident görüş zamanı bu il 1500 şəhid ailəsinin dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcəyi müjdəsini də çatdırıb. Dövlət başçısı yaralı hərbçilərlə görüşü zamanı operativ olaraq tapşırığını da verib: "Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir".

Qəhrəman döyüşçülərimizin gələcək həyatda da daim nəzarətində olacağını deyən cənab Prezident onların işlə təmin etmək üçün xüsusi addımlar atılacağını qeyd edib: "Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq. Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

"Maskaları çıxardın, xahiş edirəm. Çıxarın, havada olar. Sizin üzünüzü görsünlər. Bizim vətandaşlar da sizi görsünlər", - deyən Prezident İlham Əliyev operatorlara hərbçiləri daha yaxşı çəkmələrini tapşırması xalqın qəhrəmanlarını tanımaq üçün etdiyi növbəti jest idi.

Bu görüş Azərbaycanın, Qarabağın gələcəyi və dövlətin qarşıdakı planları baxımından bir çox suallara aydınlıq gətirdi. Ardını isə biz 44 günlük döyüşlər zamanı göstərdiyimiz o birlik, o inamı sona qədər qorumaqla gətirməliyik. Bizim birlikdə nə qədər güclü olduğumuzu dünya gördü. Bir daha parçalanmamaq üçün bu birliyi, bu iradəni qoruyub saxlamalıyıq. Çünki düşmən ən zəif yerimizi bilir...

Təhməz Əsədov Son.az