"Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi qələbəmizi daha inamlı və dönməz etdi"


Siyasət 12 Noy 2020 10:31:41 134 0

"Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi qələbəmizi daha inamlı və dönməz etdi"

Torpaqlarımızın işğaldan azad olunması rəşadətli ordumuzun əsgər və zabitlərinin qanı bahasına başa gəlib. Ordumuzun müasir texnologiyalara malik silahlarla silahlanması itkilərimizi dəfələrlə azaldıb.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Ermənistanın canlı qüvvə və hərbi texnika itkiləri Azərbaycandan dəfələrlə çox olub:

"Təbii ki, bu qələbini bizə yaşadan hərbi texnologiyaları işlədən və düşmənlə hətta əlbəyaxa döyüşən əsgər və zabitimizdir. Vətən müharibəsində ordumuzun heyətinin bir məqsədi olmuş və bir amal ətrafında birləşmişdi. Məhz belə birlik və vətən torpağına olan əvəz olunmaz sevgi böyük qələbəyə imza atmağımızı şərtləndirib. Qələbə Ali Baş Komandanın verdiyi döyüş tapşırıqlarını əsgər və zabitlərimizin öz canından üstün tutması sayəsində mümkün olub".

A.Badamov əlavə edibki, Ali Baş Komandanın öz əsgərinə və zabitinə olan böyük sevgisi Azərbaycanın mübarizəsini sarsılmaz edib:

"Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı qələbə xəbərini Şəhidlər Xiyabanını ziyarət edərək oradan səsləndirməsi və Böyük Qələbə xəbərini ilk olaraq hospitalda müalicə alan yaralı hərbiçilərimizlə bölüşməsi bir daha əsgər və zabitimizə verilən böyük dəyərdir.

Görüşdə müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və bütün şəhid ailələrinin evlə təmin olunacağını, bu fədakar oğullarını torpaqların işğaldan azad edilməsi üçün cəbhəyə göndərmiş ailələrin sosial məsələlərin həllində dövlətin hər zaman onların yanında olacağını Prezidentin qeyd etməsi dövlətin öz əsgər ailəsinə olan dövlət qayğısıdır. Müharibədə yaralanmış bütün hərbçilərimiz dövlət tərəfindən yüksək səviyyədə müalicə olunacaq, onların işlə təminatı məsələsini dövlət nəzarətdə saxlayacaq.

Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bu qələbəmizi daha inamlı və dönməz edib. Türkiyə bütün dünyaya sübut etdi ki, Azərbaycan tək deyil və onun arxasında böyük güc dayanıb. Müharibənin 44 günündə hər gün ölkəmizə xaricdən böyük təzyiq olub. Bu təzyiqlərin dəf edilməsi və qələbəyə inamla addımlağımızı təmin edən ölkə başçımızın güclü siyasi iradəsi və Türkiyə Prezidenti cənab Ərdoğanın hər zaman Azərbaycanın yanında olaraq dünyaya sələndirdiyi mesajları olub. Düşmən Azərbaycanın rəşadətli ordusu qarşısında ram edildi və onu qələbəyə bizim bütün şərtlərimizi qəbul edərək imza atmağa məcbur etdik. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bir milyona yaxın insanımızın üstündən məcburi köçkün adı götürüldü. Azad olunmuş ərazilərimizdə ən qısa zamanda müasir həyat şəraiti qurulacaq. Azərbaycan daha firavan və güclü ölkəyə çevriləcək".\