Oqtay Şirəliyevdən koronovirus açıqlaması


Digərləri 11 Noy 2020 14:03:00 187 0

Oqtay Şirəliyevdən koronovirus açıqlaması

73-cü Ümumdünya Səhiyyə Assambleyasının iclası videokonfrans formatında davam etdirilib. Ümumdünya Səhiyyə Assambleyası İcraiyyə Komitəsi tərəfindən gündəminə daxil etdiyi səhiyyə məsələlərini həll edən ÜST-ün bir rəhbər orqanıdır. Adətən ÜST-ün bütün üzv dövlətlərinin nümayəndə heyətləri onun işində iştirak edir. İşini yenidən davam etdirən sessiya COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə və koronavirus pandemiyasına qarşı görüləcək fəaliyyətlərə həsr olunub.

Səhiyyə Nazirliyindən Son.az-a verilən xəbərə görə, onlayn sessiyanı ÜST-ün Baş Direktoru Tedros Gebreyesus açıb, ÜST-ün davamlı maliyyələşdirməsini və ümumdünya səhiyyə xidmətlərinin əhatə dairəsinin araşdırmasını təmin etmək, COVID-19 pandemiyasının verdiyi dərslərinə əsaslanan "yeni əməkdaşlıq dövrünə" qədəm qoymağa çağırıb. 

Səhiyyə naziri Oqtay Şirəliyev də sessiyada cıxış edib. Assambleyanın Baş Katibi, Prezidenti və onlayn tədbirdə iştirak edən nazirlər və nümayəndə heyətlərinin rəhbərlərini salamlayan Səhiyyə naziri qeyd edib ki, bu gün səhiyyə işçilərinin prioriteti COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsidir. Bundan sonra Oqtay Şirəliyev Azərbaycanda pandemiya ilə mübarizənin başlanmasından keçən müddət ərzində görülmüş kifayət qədər böyük həcmli işlərdən məlumat verib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində hazırda ölkədəki koronavirus epidemiyası tamamilə idarə olunur: "Bu günə qədər 10 milyon əhalisi olan bir ölkədə təxminən 60 000 insanın xəstələnib, 1,3 milyondan çox test keçirilib, xəstəlikdən irəli gələn ölüm halları 1,3% təşkil edib". 

Səhiyyə naziri vurğulayıb ki, keçən bu müddət ərzində bir çox ölkələr koronavirusla mübarizə sahəsində müəyyən təcrübə qazanıb və bu təcrübələrin mübadiləsi bu gün əməkdaşlığın ən vacib sahələrindən birinə çevrilməlidir. Bir çox ölkədə xəstəlik hallarının sayının sürətlə artmasının, şübhəsiz ki, daha da böyük sosial-iqtisadi nəticələrə gətirib çıxaracağını bildirən Oqtay Şirəliyev Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari ilin dekabr ayının 3-ü və 4-də BMT-nin Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr olunmuş xüsusi iclasının keçiriləcəyi haqqında xəbər verib.

Səhiyyə Nazirliyi rəhbəri çıxışının vacib hissəsi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi zonasında bütün hərbi əməliyyatların dayandırılması barədə razılaşmasına həsr olunub. Nazir qeyd edib ki, 30 illik işğal ərzində aralarında uşaqlar, yaşlı insanlar və qadınlar olmaqla minlərlə insan öldürülüb və yaralanıb, bütün şəhər və qəsəbələr dağıdılıb. Evlərini itirən bir milyondan çox insan məcburi köçkün və qaçqın olu: "Nəhayət ki, hər şey yekunlaşıb! Müxtəlif sahələrin mütəxəssisləri ilə birgə tibb işçiləri də erməni işğalçıları tərəfindən dağıdılmış və yararsız vəziyyətə gətilmiş tibbi infrastrukturun bərpası üçün əlimizdən gələni etməliyik. Qarşımızda müasir avadanlıqlı yeni klinika və müasir tibb mərkəzləri inşa etmək, əhalinin səhiyyə mühəfizəsini təşkil kimi məqsədlər var. İş həcminin çox olmasına baxmayaraq, bütün bunlar yaradıcı vəzifələrdir və onları həyata keçirməkdən çox xoşbəxt olacağıq!".