"Sazişdən kənara çıxmaq Ermənistanın gələcəyini sual altına qoya bilər"


Siyasət 11 Noy 2020 13:52:00 120 0

"Sazişdən kənara çıxmaq Ermənistanın gələcəyini sual altına qoya bilər"

Bu saziş bölgənin əsas, önəmli mərkəzləri tərəfindən razılaşdırılıb, təsdiq olunub.

Bunu Son.az-a açıqlamasında professor, konfiliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, Ermənistan dövlətinin bu sazişlə razılaşmaqdan başqa alternativi yoxdur:

"Ermənistanın heç bir potensialı yoxdur ki, bu sazişdən kənara çıxsın. Çünki bu sazişdən kənara çıxmaq bütövlükdə Ermənistan dövlətinin gələcəyini sual altına qoya bilər. Ona görə də heab edirəm ki, hər bir siyasi nəticə istər hazırkı Ermənistan hökümətinin qalması variantı və yaxud hər hansı bir siyasi qüvvənin Ermənistanda hakimiyyətə gəlməyi bu prosesdə hansısa bir dəyişikliyə səbəb ola bilməz. Çünki Ermənistan dövlətinin bugünkü durumu onu deməyə əsas verir ki, onların alternativi yoxdur.

Sənədlə bağlı hansısa bir dəyişiklik gözlənilmir

Bu sazişin imzalanması Ermənistan dövlətinin heç olmasa mövcudluğu və qorunması üçün bir zəmanətir. Əks halda bütövlükdə Ermənistanın gələcəyi sual altına düşür. Düzdür, biz ola bilər yaxın günlərdə, hətta ola bilər yaxın saatlarda Ermənistanda siyasi dəyişikliklərin şahidi olaq, amma bu dünən gecə imzalanmış sənədlə bağlı hansısa bir dəyişiklik gözlənilmir".

Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri birgə bəyanat imzaladı. Bu bəyanatla Ermənistanın kapitulyasiyası (əraziləri boşaltmaq) prosesi təsdiq edildi. İmzalanmış bu tarixi üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu.

Təhməz Əsədov Son.az