"Bu sazişi Paşinyana biz hazırlatdırıb vermişik ki, qol çəksin"


Siyasət 10 Noy 2020 17:05:00 128 0

"Bu sazişi Paşinyana biz hazırlatdırıb vermişik ki, qol çəksin"

"Bütün müddəalar bizim marağımıza cavab verir"

"Bu, düşünülmüş addımdır".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə üçtərəfli bəyanatın əhəmiyyətini şərh edərkən deyib.

O bildirib ki, Rusiyaya etibar etməsəydik və Rusiya öz etibarlılığını bu həftələr ərzində təsdiqləməsəydi biz Rusiya sülhməramlıların regiona daxil olmasına razılıq verməzdik:

"Birgə bəyanatla bağlı sosial şəbəkələrdəki müzakirələrə bir az təəccüblə baxıram. Ali Baş Komandanımız, Prezident İlham Əliyev kifayət qədər təcrübəli və sınaqdan keçmiş bir liderdir. Düşünmək olarmı ki, torpaqların işğaldan azad olunması prosesini uğurla davam etdirən, o prosesin qalibi olan bir insan uğursuz addım atsın? Mən sosial şəbəkələrdəki bu insanları başa düşmürəm.

Bu, Prezidentin edə biləcəyi ən real variantdır. Biz Marsda yaşamırıq, başqa qitədə yaşamırıq. Bizim qonşularımız bunlardır. Burada müəyyən dərəcədə güc nisbiliyi reallığı yaratmışıq. Bir neçə həftədir müharibə cəbhədə davam etdiyi kimi, eyni zamanda diplomatik sahədə də gedirdi. Bu müddətdə prezidentlər danışıblar. Bizim Prezident Putinlə danışıb, Ərdoğanla danışıb. Ərdoğan bizim Prezidentlə nə qədər danışıb. Bəs, bu müzakirələr nədir axı? Boş yerə aparılan müzakirələrdir? Yəqin ki, yox. Bax, bu müzakirələr əsnasında reallaşan bir addımdır bu. Biz bunu dərk etməliyik. Bu sazişi Paşinyana biz hazırlatdırıb vermişik ki, qol çəksin. Burada tək Rusiya bizə diktə etməyib. Müddəalara baxın, bütün müddəalar bizim marağımıza cavab verən müddəalardır. 

Gəlin Prezidentimizə, ordumuzun gücünə etibar edək

Düzdür, Rusiya qoşunları regiona yeridilir. Amma müəyyən dərəcədə etibarlılıq olmasaydı, biz Rusiyaya etibar etməsəydik və Rusiya öz etibarlılığını bu həftələr ərzində təsdiqləməsəydi biz bunu edərdikmi?! Düzdür, müəyyən problemlər var idi, Ermənistana silahlar verilirdi. Amma konseptual olaraq Rusiya qoşunları bu ərəfələrdə 102-ci bazadan tərpənmədilər. Deyirdilər Qarabağda Rusiyanın "Vagner" muzdlu dəstələri var, orada heç biri yox idi. Ola bilərdi axı. Biz başqa konfiliktlərdə bunun şahidi olmuşuq. Yaxşı, biz onda niyə bu addımı atmayaq. Axı burada Türkiyənin də rolu var.

Düzdür, Türkiyə qoşunları orada sülhməramlılar şəklində qeyd olunmayıb, amma orada müşahidəçilər var. Türkiyə bizim qardaşımızdır, dostumuzdur. Türkiyə qoşunları onsuz da ürəkləri nə vaxt istəyir bura gəlirlər, gələ bilərlər, təmsil oluna bilərlər, təmsil olunacaqlar. Biz onlarla yenə də hərbi təlimlər keçirəcəyik, yenə də onlarla hərbi müstəvidə əməkdaşlıq edəcəyik. Reallıq budur, reallıq bundan ibarətdir ki, indi biz təsəvvür edin ki, burada ümumiyyətlə Rusiyanın maraqlarını nəzərə almasaydıq nə olardı. Biz Rusiya ilə üz-üzə qalsaydıq kimin xeyrinə olacaqdı, kim udacaqı? Paşinyan udacaqdı, ermənilər udacaqdı. Ömür boyu onların arxasında gizlənən ermənilər yenə də bu üsuldan istifadə edəcəkdi. İndi edə bildilər? Yox! Prezidentin dediyi kimi "cəhənnəmə getdilər". Ona görə gəlin Prezidentimizə, ordumuzun gücünə etibar edək. Ordumuzun da gücü hiss olunub, öz sözünü deyib. Bundan sonra kim bizə qarşı nəsə edə bilər? 

İndi qoy ermənilər Rusiya qoşunları ilə öz haqq-hesabını çürütsünlər

Xalqımız da indi vahid şəkildə birləşib. Belə xalqa qarşı sülhməramlılardır, digərləridir, heç nə edə bilməzlər. Ona görə, bu söz-söhbətləri, bu diskusiyalari düşünürəm ki, kəsmək lazımdır. İnsanlar bu məsələyə eyni prizmadan yanaşmırlar. Onların da fikirləri var, onları da narahat edən məsələlər var. Amma biz gərək bu diskussiyaları daha çox real faktlara istinad edərək aparmalıyıq. Bu humanitar məsələdir, biz bu sazişin nəticəsini sonra dərk edəcəyik. Bu müharibə uzansaydı nə qədər uşaqlarımız gedərdi?! Düzdür, biz millət olaraq bu "qurban"ı verməliyik. Amma bundan sonra bu "qurban"ları vermək məntiqi deyil. Onsuz da uduzurlar, onsuz da çıxırlar. Əgər onlar bizim torpaqlarımızdan rədd olurlarsa niyə biz qırğına salırıq?! Həm də ona görə bu çox lazımi addım idi. İndi qoy ermənilər Rusiya qoşunları ilə öz haqq-hesabını çürütsünlər. Artıq nə KTMT, nə də başqa təhlükə var. Kimsə qarışa bilməz, kimsə ermənilərin tərəfini saxlaya bilməz". 

Təhməz Əsədov Son.az