Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb FOTO


Siyasət 09 Noy 2020 17:33:00 129 0

Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb  FOTO

Azərbaycanda Ukraynanın ilk fəxri konsulluğu açılıb.

Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, açılış mərasimi Şamaxı şəhərində baş tutub.

Ukraynanın fəxri konsulluğunun açılış mərasiminə qatılan Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski bundan sonra Ukraynanın bir hissəsinin qədim və əzəmətli Şamaxı şəhərində olacağına görə dövlət rəhbərliyinə, eləcə də Şamaxı rayon icra hakimiyyətinə təşəkkür edib.

Ukraynanın diplomatik missiyasının rəhbəri bu günkü əlamətdar hadisənin xüsusi məna və simvolizmlə dolu olduğunu vurğulayaraq Azərbaycan xalqını mühüm dövlət bayramı münasibətilə də təbrik edib. O, Azərbaycanın qarşısında duran bütün çətinliklərin öhdəsindən gəlməyi, eləcə də sülh, firavanlıq və çiçəklənmə arzu edib.

"Ukrayna bu gün vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini hamıdan yaxşı başa düşür. Bu dövrdə həm Ukrayna, həm Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və sülh səması altında çalışmaq üçün ağır sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında", - səfir açılış mərasimində çıxışı zamanı bildirib.

Azərbaycan xalqı ilə həmrəyliyi əlaməti olaraq, eləcə də Azərbaycanın Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə, Ukraynanın Şamaxı şəhərindəki yeni açılmış Fəxri konsulluğunun binası bu gün Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

Açılış mərasimində dövlətinin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən həlak olmuş Azərbaycan və Ukrayna qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.