"Bu ölkələr vətəndaşlarına yiyə durmasalar, Qarabağda terrorçu kimi məhv ediləcəklər"


Siyasət 09 Noy 2020 14:25:00 96 0

"Bu ölkələr vətəndaşlarına yiyə durmasalar, Qarabağda terrorçu kimi məhv ediləcəklər"

Bəzi böyük dövlətlər, Qərb dövlətləri, o cümlədən Rusiya ikili standartlardan çıxış edirlər. Yalandan deyirlər ki, guya Azərbaycan tərəfindən Suriyadan gətirilmiş muzdlular döyüşür. 

Bunu Son.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Azərbaycan XİN Rusiya, Kanada, Fransaya müraciət etməlidir:

"Rusiya rəsmiləri, ekspertləri birbaşa Azərbaycanın adını çəkməsələr də, muzdluların məhz Azərbaycan ordusu sıralarında olmalarına açıq şəkildə işarə edirlər. Ortada faktları olmasa da, bu mövzunu daim gündəmdə saxlayırlar. Bəs yaxşı, adlarını çəkdiyim dövlətlərdən Dağlıq Qarabağa gələn silahlı erməniləri necə adlandıraq? Məgər əsl muzdlu onlar deyillərmi? Muzdlu yalnız ərəbmi olmalıdır? Başqa ölkədən Qarabağda döyüşməyə gələn erməni muzdlu sayılmır? Kanadadan, Fransadan, İspaniyadan, Krımdan, Abxaziyadan əlinə silah alıb hava limanında şəkil çəkdirirlər ki, biz gedirik Dağlıq Qarabağda döyüşməyə. Yaxşı, bunlar nə sayılır? Nə olsun ki, ermənidir. Erməni muzdlu ola bilməz? Niyə buna münasibət bildirmirlər?

Bəzi rəsmilər deyirlər ki, Azərbaycan tərəfindən döyüşmək üçün Suriyadan 2 min muzdlu gəlib. Azərbaycanın adını çəkmir, amma aydındır ki, Azərbaycana işarə edir. Sən bizi 2 min muzdlu ilə bağlı ittiham edirsən. Bəs yaxşı, sənin nəzarət etdiyin ərazilərdən hava limanında, dəmiryolu vağzalında ermənilər toplu halda şəkil çəkdirirlər ki, "Biz gedirik Qarabağda savaşmağa". Hamısı da cibində başqa dövlətlərin pasportlarını daşıyır. Hətta Abxaziyada daha biabırçı hadisə olub, muzdlular toplanıblar ki, gəlsinlər Dağlıq Qarabağa, Abxaziya separatçılarının liderlərindən biri onlara hətta xeyir-dua da verib.

Azərbaycan XİN bir az çevikliyi artırmalıdır. Rusiya, Kanada, Fransaya müraciət etməlidir ki, sizin vətəndaşlar nə olsun ki ermənidirlər, ciblərində sizin ölkənin vəsiqəsini daşıyırlar, Qarabağa gəlirlər, bunun qarşısını alın. Qarşısını almasanız, biz onları Qarabağda terrorçu, muzdlu kimi məhv edəcəyik. Axı onlar da muzdludurlar. Bu ölkələrdən biz tələb etməliyik ki, öz vətəndaşlarına yiyə dursunlar. Yiyə durmasalar onlar məhv ediləcək".

Təhməz Əsədov Son.az