"Şuşanın azad edilməsi mənəvipsixoloji baxımdan da böyük qələbədir"


Siyasət 09 Noy 2020 12:22:00 114 0

"Şuşanın azad edilməsi mənəvipsixoloji baxımdan da böyük qələbədir"

Şuşanın 28 illik həsrətdən sonra erməni işğalından azad edilməsi Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm qələbələrindən biridir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ötən gün Prezident, Ali Baş Komandan İlham Əliyevin bu müjdəni xalqa çatdırması insanlarımıza böyük qələbə sevinci yaşatdı, təkcə Azərbaycanda deyil, bütün dünyada soydaşlarımız bu qələbəni böyük sevinc və fəxrlə qeyd etdi:

"Şuşanın işğaldan azad edilməsi təkcə strateji və hərbi baxımdan deyil, mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyırdı. Çünki Şuşa həm də xalqımızın mədəniyyət və musiqi beşiyidir, xalqımızın qəlbində mənəvi baxımdan Şuşanın xüsusi yeri var.

8 noyabr tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandanımız, müzəffər ordumuz xalqımıza bu böyük qələbənin sevincini yaşatdı. Düşmən isə bu qələbəmizdən çox sarsıldı, acı məğlubiyyətin təsirindən yəqin ki, uzun illər çıxa bilməyəcək. Ermənilər çox çalışırdı ki, Şuşanı əldən verməsin, bunun üçün bütün qüvvələrini Şuşaya cəlb etmişdi. Həm də Şuşa dağlıq ərazidə yerləşdiyi üçün ermənilər oranı müdafiə edə biləcəklərini düşünürdülər, onlar Şuşanı alınmaz qala hesab edirdilər.

Lakin müzəffər ordumuz ermənilərin bu ümidlərini alt-üst etdi, böyük qəhrəmanlıq və igidlik göstərərək düşməni ağır məğlubiyyətə məruz qoydular. Bu baxımdan ordumuz Şuşanı azad etməklə təkcə hərbi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da düşmənə ağır zərbə vurdu. Şuşanın azad edilməsi Ermənistan cəmiyyətində və ordusunda böyük gərginliyə və xaosa səbəb olub. Çünki alınmaz qala hesab olunan Şuşanın ordumuz tərəfindən qısa müddət ərzində azad edilməsi düşmən ordusunun özgüvənini də məhv etdi.

Düşmən özü də Azərbaycan ordusunun bu qədər tezliklə Şuşaya çatacağını düşünmədiyini etiraf edir. Lakin müzəffər ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri, istehkamları qısa müddətdə məhv etməyi, Şuşaya çatmağı bacardı. Artıq bunda sonra Ermənistanın Azərbaycan şərtləri ilə razılaşıb digər ərazilərimizdən özxoşuna çıxmaqdan başqa yolu yoxdur, əks halda düşmən daha ağır itkilərə məruz qalacaq".