"Şuşanı azad etməklə Azərbaycan Ordusu bizi töhmətdən qurtardı"


Siyasət 09 Noy 2020 11:05:00 119 0

"Şuşanı azad etməklə Azərbaycan Ordusu bizi töhmətdən qurtardı"

Ali Baş Komandanın qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti şuşalılara ikinci dəfə həyat bəxs etdi.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. O bildirib ki, Şuşanın işğaldan azad olunması şuşalıların töhmətdən qurtulması deməkdir: "Var olsun Ali Baş Komandan, yaşasın Azərbaycanın igid əsgərləri. Mən bütün şuşalılar adından minnətdaram. Şuşanı azad edən Azərbaycan Ordusu bizi töhmətdən qurtardı. Bütün şuşalıları və bütün azərbaycanlıları, bütün dünya azərbaycanlılarını təbrik edirəm".

B.Səfərov bildirib ki, hazırda Şuşa əhalisinin 60-65 faizi Bakı şəhərində, digərləri isə Azərbaycanın 60-a yaxın rayonunda məskunlaşıb: "Dünən cənab Prezident Şuşanın işğaldan azad olunma xəbərini elan edəndən sonra bütün şuşalılardan minlərlə zəng, təbrik almışam. Hər bir şuşalı Ali Baş Komandana və Azərbaycan Ordusuna sonsuz minnətdardır. Tanrı Azərbaycan Ordusunu qorusun".