Qələbəyə aparan zəfər sözü Reallaşmayan bir vəsiyyət qaldı...


Siyasət 09 Noy 2020 10:51:00 128 0

Qələbəyə aparan zəfər sözü  Reallaşmayan bir vəsiyyət qaldı...

İllər sonra həyata keçirilən ata vəsiyyəti...

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Bu sözləri mərhum prezident Heydər Əliyev çıxışlarının birində söyləyib. Azərbaycanın güclənəcəyinə hər zaman inanan liderin illər əvvəl dediyi sözlər bu gün tamamilə reallaşır. Artıq Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə yarımçıq qalan məsələləri tamamlayır, illərdir kağız üzərində qalan qətnamələri icra edir, qisasımızı döyüş meydanında alır. Ötən gün Şəhidlər Xiyabanından dünyaya ötürülən qələbə mesajı bunu deməyə əsas verir.

Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz o idi ki, ordumuz yox idi. Azərbaycan, demək olar ki, təcrid edilmiş vəziyyətdə idi. Ancaq bu gün biz Ermənistanı təcrid edilmiş vəziyyətə saldıq.

Qələbənin əsas sirri birlikdir. Atalar demiş, el bir olsa, dağ oynadar yerindən. Bu gün Azərbaycanda bəlkə də müstəqillik tarixi boyu yaşanmamış birlik müşahidə olunur. Prezidentin dünənki müraciətində deyildiyi kimi, əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. "Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!"

Çıxış üçün Şəhidlər Xiyabanının seçilməsi isə heç də təsadüfi deyildi. Çünki biz bu gün tapdaq altında qalan torpaqlarımızın bir hissəsini işğaldan azad etmişiksə, bunu şəhidlərimizə borcluyuq. Biz torpaqlarımızı əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir.

Artıq ölkə başçısı ata vəsiyyətini yerinə yetirib, ona və xalqa verdiyi sözü tutub, azərbaycanlılar üçün xüsusi yeri olan Şuşa şəhərini işğalçılardan azad edib. O, Heydər Əliyevə verdiyi sözü həyata keçirmək üçün illərlə səbr edib, qələbə günü onun məzarını ziyarət edib, ruhu qarşısında baş əyib.

Vətənlə bağlı həyata keçməyən bir söz qaldı, o da ən qısa zamanda reallaşacaq. Söhbət hazırda döyüşlərdə iştirak edən general-mayor Mais Bərxudarovun müəllimi, Milli Qəhrəman Əliyar Əliyevə verdiyi sözdən gedir. Belə ki, Milli Qəhrəmanın şəhid olduğu "Tikanlı zəmi" yüksəkliyinə üzərinə qələbə sözü yazılmış bayrağı onun tələbəsi, general-mayor Mais Bərxudarov sancmağı planlayır. 4 günə 40 kəndi azad edən Milli Qəhrəmanın tələbəsinin ona verdiyi sözü 28 il sonra həyata keçirə bilməsi 8 noyabr qələbə günü kimi hələ uzun illər yaddaşlardan silinməyəcək.

Umarlı Son.az