Şuşa belə azad olundu


Siyasət 09 Noy 2020 09:26:00 147 0

Şuşa belə azad olundu

Fransanın Le Monde qəzetinin Xankəndidəki reportyoru yazır ki, Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır.

Özü də avtomat və ya karabin yox, tapança güllələrinin yaraları.

Bu o deməkdir ki, Şuşa şəhəri birbaşa təmas döyüşündə, əlbayaxa döyüşlərdə azad olunub.

Yəni xüsusi təyinatlılarımız tiqranoidlərlə şir kimi vuruşublar.

"Hücum zamanı azərbaycanlılar döyüş meydanında yaralı və ölü qoymayıblar. Özləri ilə dağa, şəhərə qaldırıblar", - reportyor yazır.

... Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar.

Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və "Türmə"ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki plasdarmı genişləndirməyə başlayıblar.

Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi-Şuşa yolunu nəzarətə götürüblər.

Noyabrın 3-dən 4-nə keçən gecə şəhərə girən xüsusi təyinatlılarımız 2 sutka döyüşüblər.

Zirehli texnikasız, topsuz, aviasiyasız.

Noyabrın 6-da, axşam saatlarında ordumuzun motoatıcı hissələri özlərini çatdırıblar.

Noyabrın 7-də şəhər düşməndən təmizlənib.

Düşmənin bir neçə əks-hücum cəhdi heç bir nəticə verməyib.

Bir anlıq düşünün: dörd tərəfdə düşmən, hər yandan aramsız mərmi, güllə, mina yağır.

Fasiləsiz, dayanmadan.

Düşmən baş qaldırmağa imkan vermək istəmir. Məhv etmək, yox etmək istəyir.

Və düşmənin sayı aramsız artır. Ermənilər hər yerdən əlavə qüvvələr yığırlar.

Tanklar, haubitsalar, toplar, iriçaplı pulemyotlar, müxtəlif çaplı minaatanlar, PDM-lər və güllə yağışı yaradan düşmən əsgərləri.

Sən isə Xüsusi Təyinatlı Qüvvələrin əsgərisən.

"Bir addım geriyə çəkilməməli!" əmri alıbsan.

Şuşanı azad etməlisən.

Bu ölüm yağışı altındasan. Nə səngər var, nə istehkam, nə top, nə tank, nə minaatan.

Olanın avtomat, tapança, əl qumbaraları, pulemyot və bıçaqdır.

Ən böyük silahın isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı.

Hərəkət etdikcə o bükülü bayrağın xışıltısını duyursan.

Sanki sənə "İrəli!" pıçıldayır.

Sanki sənlə danışan 28 il əvvəl şaqqalanan, yandırılan, işgəncələrlə öldürülən soydaşlarınızın ruhlarıdır.

Müdafiə olunmalısan hərb qanunlarına görə.

Sənsə "Azərbaycan!" hayqırıb irəli atılırsan.

Avtomatın gülləsi qurtarır. Tapançaya əl atırsan.

Sonra səni öldürmək istəyən düşməni haqlayıb bıçağı işə salırsan.

Dünya qarışıb, gecədir, sadəcə, səslərdən bilirsən qardaşlarının harada olduğunu.

Şuşa yeni Fermopil savaşı oldu.

XTQ döyüşçülərimiz isə 300 spartalı.

Sayları da elə o qədərdi təxminən.

Bir addım nədir, bir millimetr geri çəkilmədilər.

Axınla, dalğa ilə gələn düşmən leşlənib qalaqlandılar Köhnə Qala ilə "Türmə"nin qarşısında.

Sonra "İrəliiii!" səsləndi.

Sən, qanın, tərin içində, yorğunluqdan xırıldayaraq dikəlirsən.

Yanındakı qardaşın yaralıdır. Tutursan onun əlindən. Ağırdır, amma dikəldirsən onu. "Haydı, gəl, gəl" deyirsən.

Gülümsəyir, "Boş şeydir, çərtib keçdi" deyir qan içrə olan qardaşın və "Getdik!" deyib səndərləyir, amma belini dik tutur.

Ölüm nə ki, onun qarşısında əyiləsən.

Qanın axsa da, başın gicəllənsə də, əl əssə də yorğunluqdan və halsızlıqdan.

Hər tərəf dəmir iyi verir.

Qan dəmir iylidir, anlayırsan.

Qarşıda düşmənin güllələri, zirehləri.

Səninsə zirehin ananın südü ilə yoğrulmuş qətiyyətin, bir də yanındakı əsgər qardaşındır.

Adın kimi bilirsən ki, səni qoyub getməz.

Yaralansan da, ölsən də...

Güllələrə meydan oxuyursan.

Çünki sən Azərbaycan əsgərisən!

Xırıltılı səslə qışqırıb irəli atılırsan.

Şuşadır, geriyə yol yox.

300 spartalının əfsanəsi gerçək oldu Şuşada.

Biləsiniz...

Elçin Alıoğlu Son.az