Kəndimizə dizindizin sürünəsürünə, torpağımızı öpəöpə geri qayıdacağam


Siyasət 07 Noy 2020 14:55:00 153 0

Kəndimizə dizindizin sürünəsürünə, torpağımızı öpəöpə geri qayıdacağam

Dostlar, tanışlar sual verirlər ki, kəndinizə qayıdacaqsız? Əlbəttə, mən ora dizin-dizin sürünə-sürünə, torpağımızı öpə-öpə geri qayıdacağam.

Son.az bildirir ki, bunu Trend-ə Zəngilanın Vənədli kəndindən olan məcburi köçkün, ehtiyatda olan 42 yaşlı zabit Mais Quliyev deyib.

27 illik həsrətlərinə son qoyulduğunu deyən M.Quliyev bildirib ki, anasının, bibisinin, şəhid olan yoldaşlarının məzarlarına Zəngilan torpağını tökməyi arzu edib:

"Çox şükür ki, biz artıq bütün arzularımıza çatırıq. İşğal edilmiş torpaqlarımızda yaşayıb dünyasını dəyişənlərin ruhları sakit deyildi. İndi əminəm ki, onların ruhi sakitdir. Mən Şəhidlər Xiyabanındakı şəhidlərimizin üzünə alnıaçıq, üzüağ baxa bilmirdim, indi isə mən ora qürurla gedirəm".

M.Quliyev torpaqlarımızın azad olması uğrunda canını fəda etməyə hazır olduğunu da vurğulayıb:

"Qardaşım Quliyev Elçin 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Mən özüm də torpaqlarımızın azad olması uğrunda canımı fəda etməyə hazıram. İnsanın yaşı artdıqca ataya, anaya olan məhəbbəti çoxalır. Lakin yaş getdikcə Vətənə olan məhəbbət ata-anaya olan məhəbbətdən daha üstün olur. Mən vətəndaş kimi Prezidentə, hərbçi kimi Ali Baş Komandana təşəkkür edirəm ki, bizə bu sevinci yaşadır. Mən gözünü belə qırpmadan canını qurban verməyə hazır olan Azərbaycan əsgərləri qarşısında baş əyirəm. Onların əllərindən, müqəddəs torpağımıza basdığı ayaqlarından öpürəm. Çünki bu gün Azərbaycan Prezidenti, şanlı Azərbaycan Ordusu tarix yazır. İşğal olunmuş ərazilərimiz şəhərbəşəhər, kəndbəkənd özümüzə qayıdır. Buna görə də bizim sevincimizin həddi-hüdudu yoxdur. Təəssüflənirəm ki, əsgərlərimizin yanında deyiləm, onlarla birgə döyüşmürəm. Mən hələ də ehtiyatda olan zabit kimi gözləyirəm".

Son.az