Ermənistan məscidi donuz tövləsinə çevirməklə beynəlxalq cinayət törədir


Siyasət 07 Noy 2020 14:39:00 148 0

Ermənistan məscidi donuz tövləsinə çevirməklə beynəlxalq cinayət törədir

Ermənistanın işğaldan sonrakı dövrdə Qubadlı rayonunun Məmər kəndində məscidi donuz tövləsinə çevirməsi, həm əxlaqa, həm dinə, həm də hüquqa ziddir.

Son.az bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib. Onun sözlərinə görə, tarix boyunca baş vermiş müharibələrə diqqət yetirsək, görərik ki, adətən hansısa bir ərazini işğal edən tərəf adətən düşmənə aid olsa belə ibadətgahlara, məbədlərə öz ağsaqqallarını, nüfuzlu xadimlərini yerləşdirməklə onları qorumuşdur: "Bu cəhətdən ermənilərin məscidlərə donuzları yerləşdirmələrini görəsən necə izah etmək olar?! Bu terrorçu dövlətin heç bir mənəvi və əxlaqi dəyərlərə hörmət qoymadığını bir daha sübut edir. Digər tərəfdən beynəlxalq hüquq da bunu qadağan edir".

E.Kəlbizadə əlavə edib ki, Ermənistan bununla həm də 1954-cü il may ayının 14-də qəbul edilmiş "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasının, habelə 1999-cu ildə bu konvensiyaya əlavə olaraq qəbul edilmiş protokolun müddəalarını pozmaqla cinayət törədib. Ermənistanın bu konvensiyaya 1993-cü ildə qoşulduğunu xatırladan E.Kəlbizadə qeyd edib ki, Konvensiyanın I fəslinin I maddəsinə görə dini və ya dünyəvi olmasından asılı olmayaraq memarlıq, sənət və ya tarixi abidələr kimi hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyət daşıyan daşınar və ya daşınmaz əmlak mədəni sərvət hesab edilir. Konvensiyanın IV və VII maddələrində hərbi əməliyyatlar dövründə və ondan sonra mədəni irsin qorunmasının zəruriliyi aydın şəkildə göstərilib. Sənədin 28-ci maddəsində göstərilib ki, onu imzalayan tərəflər, adi cinayət yurisdiksiyası çərçivəsində, bu Konvensiyanı pozan və ya törətməyi əmr edən hər hansı bir milliyyətdən olan şəxslərə qarşı cinayət təqibi və cəza və ya intizam cəzaları tətbiq etmək üçün bütün lazımi addımları atmağı öhdələrinə götürürlər: "Nəzərə alsaq ki, Konvensiyaya qoşulma, onu tərk etmə, müddəalarının icrasına nəzarət mexanizmi əsasən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) məxsusdur o zaman, bu təşkilat məsələ ilə bağlı mümkün olan bütün addımları atmalıdır. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və Ermənistana təsir imkanları olan müsəlman dövlətləri məsələni diqqətdə saxlamalıdırlar".

Son.az