"Belə düşmən bütün pislikləri etməyə qadirdir"


Digərləri 07 Noy 2020 10:54:00 163 0

"Belə düşmən bütün pislikləri etməyə qadirdir"

"Biz işğalçıdan öz haqqımızı tələb edirik və torpaqlarımızı azad etmək uğrunda canımızdan keçməyə belə hazırıq".

Bunu Son.az-a açıqlamasında QMİ-nin Fətva Şöbəsinin mütəxəssisi Yaqubov Ağa Səid deyib.

İlahiyyatçı bildirib ki, Ermənistanın din xadimlərini istismar etməsi heç bir qanuna sığmır:

"Birmənalı olaraq bizim haqqımız olan torpaqlarımızın azad olunması uğrunda biz öz haqlı gücümüzü nümayiş etdiririk, haqlı müharibəmizi aparırıq. Bu torpağın üzərində bizim haqlarımz var, o haqların bir qismi də dini haqlardır. Düşmənin bu torpaqlar uğrunda hər yönlü addımı nahaqdır və batildir, ona görə də düşmənimiz şeytani düşməndir.

Belə düşmən bütün pislikləri etməyə qadirdir. Çünki Ermənistanın atdığı addım heç bir qanuna sığmır. İstər dünyəvi qanunlarda, istər dini qanunlarda bu gün düşmənimiz heç bir qanunu nəzərə almır. Onun üçün də düşmən terrorçuları gətirib, kilsələrdə - Allah evlərində, məscidlərdə sığınacaq verir və eyni zamanda bilərək ki, onların bizlə etdiyi müharibədə haqlı tərəf yalnız Azərbaycandır, onlar yenə də bu batil və nadürüst addımları atırlar". 

QMİ-nin mütəxəssisi onu da qeyd edib ki, Ermənistan rəhbərliyi üçün müqəddəs heç nə yoxdur:

"İslam dini sülhsevər dindir və Allah evləri insanları birliyə çağırır. Qurani-Kərimdə də Allahtəala buyurur ki, "Allah evini biz yalnız birliyə çağırmaq üçün istifadə edirik. Orada başqa bir işlər görməyin". Biz öz gücümüzü müharibə meydanında göstəririk. Amma onlar yenə bütün məkirli planlarından ötrü hətta Allah evlərindən də bu münaqişədə öz xeyirlərinə istifadə edirlər. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi üçün müqəddəs heç nə yoxdur və heç Allah qayda-qanunlarını da nəzərə almırlar.

Ermənistan işğalçılıq məqsədilə o dini abidələrdə terrorçuları, işğalçıları məskunlaşdırırlar, onlara sığınacaq verirlər, onlara orada təlim keçirlər. Bu, heç bir dində yoxdur. Bir insan əgər öz inancına xilaf çıxırsa və onun qayda-qanunlarını tapdalayırsa, şübhəsiz ki, o həm digər millətin, xalqın dini inancını tapdalayar, həm də onun torpağını tapdaq altına alar". 

Təhməz Əsədov Son.az