"Ermənistan uzun illərdir işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salıb"


Siyasət 06 Noy 2020 16:37:00 118 0

"Ermənistan uzun illərdir işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salıb"

Ermənistan uzun illərdir Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salıb.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan daim inkişaf etdiyi, beynəlxalq əlaqələrini möhkəmləndirdiyi, regional və qlobal əhəmiyyətli layihələr həyata keçirdiyi halda Ermənistan regionda təcrid vəziyyətində qalıb.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində işğalçı Ermənistan bütün regional layihələrdən təcrid olundu və faktiki olaraq dalan dövlətə çevrildi:

"Bu gün Ermənistan çıxılmaz vəziyyətə düşüb. Qüdrətli Azərbaycan ordusunun sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatları Ermənistanı acınacaqlı və aciz duruma salıb. Həm hərbi texnika, həm də canlı qüvvə baxəmından ciddi itkilərə məruz qalan Ermənistan müxtəlif təxribatlara əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Paşinyan çox çalışdı ki, digər dövlətləri də münaqişəyə cəlb etsin və beləliklə də özünü xilas etsin. Lakin Paşinyanın bu məkirli planı puç oldu, çünki hər kəs müharibənin Azərbaycan ərazisində getdiyini bildirərək münaqişəyə müdaxilə etməkdən imtina etdi. Paşinyanın Rusiyadan hərbi yardım istəməsi də rədd edildi və döyüşlərin Ermənistan ərazisində getmədiyi ona xatırladıldı.

Regionun digər ölkələri də Ermənistanın işğalçılıq siyasətinin qəbuledilməzliyini bildirdi. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat verdi. Gürcüstan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Göründüyü kimi, region dövlətlərinin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğalçı Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını zəruri hesab edirlər. Beləliklə, Ermənstanın münaqişəni beynəlmiləşdirmək cəhdləri iflasa uğradı və Ermənistan tam təcrid vəziyyətinə düşdü. Ermənistanın yalnız bir seçimi qalıb - Azərbaycan ərazilərini tərk etmək, əks halda Azərbaycan ordusunun gücünü görməkdə davam edəcəklər".