"Paşinyanın belə bir məktubla müraciət etməsi məğlubiyyətin bariz ifadəsidir"


Siyasət 06 Noy 2020 16:26:00 133 0

"Paşinyanın belə bir məktubla müraciət etməsi məğlubiyyətin bariz ifadəsidir"

"Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Azərbaycanın aktiv hərbi əməliyyatlar mərhələsindən sülh danışıqlarına keçidi mümkün hesab etməsini və bunu zəruri saymasını bir daha inandırıcı şəkildə bütün dünyaya göstərdi".

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Paşinyanın Vladimir Putinə göndərdiyi məktub Rusiyanın münaqişə ilə bağlı mövqeyinin bir daha üzə çıxarılması üçün əsas yaratdı:

"Dünya bir daha əmin oldu ki, Azərbaycan 30 il işğal altında saxlanmış ərazilərinin dinc yolla azad olunması üçün bütün səylərə sona qədər sadiq qalsa da sonra məhz Ermənistanın təxribatçı siyasəti üzündən torpaqlarını güc, hərb yolu ilə azad etmək məcburiyyətində qaldı. Bu müsahibədə Qarabağ münaqişəsinin cari durumu ilə bağlı bir sıra məsələlər haqqında Azərbaycan Prezidenti dünyada inandırıcı rəylərin yaranmasına və mövcud rəylərin möhkəmləndirilməsinə çox güclü əsaslar və informasiyalar təqdim etdi. O cümlədən Ermənistanın kompromislərə hazır olmaması və bu kompromisləri çox təxribatçı bir formada təyini-müqəddərat prinsipi ilə əlaqələndirməyə çalışmasını Prezident İlham Əliyev dünya auditoriyasına çox inandırıcı formada təqdim etdi. 

Paşinyanın Putinə yazdığı məktubla bağlı Prezidentin mülahizələri düşünürəm ki, bu böyük məsələyə dünya auditoriyasının diqqətini cəlb etməkdə mühüm rol oynayacaq. Çünki Prezident tam haqlı olaraq əsaslandırdı ki, Paşinyanın belə bir məktubla müraciət etməsi hərb meydanında Ermənistanın hərbi məğlubiyyətinin bariz ifadəsidir. Həmin məktub Rusiyanın münaqişə ilə bağlı mövqeyinin bir daha üzə çıxarılması üçün əsas yaratdı və məlum oldu ki, Paşinyan münaqişəni beynəlminəlləşdirmək, ona digər region dövlətlərini də cəlb etmək, beləliklə, regionumuzda sülh və təhlükəsizlik üçün daha geniş qorxu yaratmaq siyasətindən bir an da olsun geri çəkilməyib və bu siyasəti fürsət düşdükcə davam etdirmək istəyir. Ancaq onun Putinə yazdığı məktub bir daha sübut etdi ki, münaqişəyə regionda digər ölkələri də cəlb etmək siyasəti nə qədər inadkar şəkildə aparılsa da Ermənistan bu yolda uğursuzluğa məhkumdur". 

A.Quliyev qeyd edib ki, dünya bir daha əmin olur ki, Azərbaycanın mövqeyi sağlam məntiqə, düşüncəyə və regionda sülh prinsipinə söykənir:

"Cənab Prezident Azərbaycan üçün digər qonşu dövlətlərin, o cümlədən İranın mövqeyindəki bəzi detalları da dünya ictimiyyətinə və diplomatik dairələrə çatdırmaqda çox doğru mövqe tutdu. Bu da xüsusilə də İranın Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş bütün ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı ən ali səviyyədə verdiyi bəyanatların ispaniya auditoriyası üçün təqdimatı düşünürəm, əhəmiyyətlidir. Ona görə ki, artıq dünya bir daha əmin olur ki, Azərbaycanın mövqeyi sağlam məntiqə, düşüncəyə və regionda sülh prinsipinə söykənir. Bu mövqe ona görə də təkcə Azərbaycan ictimaiyyəti tərəfindən yox, regionun bütün mütərəqqi qüvvələri və dövlətləri tərəfindən başa düşülür və dəstəklənir".

Təhməz Əsədov Son.az