Paşinyanın ağlı olsaydı…


Siyasət 06 Noy 2020 13:41:00 216 0

Paşinyanın ağlı olsaydı…

Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Aleksandr Düma bu fikirləri deyəndə hələ 19-cu əsr yeni başlamışdı. Artıq 3 əsr keçib və ermənilər hələ də eyni məzhəbə qulluq edirlər.

Ağıllanmırlar, lokal çərçivəli ağıllarınca hər kəsdən ağıllı olduqlarını düşünürlər. Bu düşüncə mifə dönüşənə qədər dərinləşdi. Sonda nə oldu? Şanlı Azərbaycan dövləti və Ordusu bu mifi bir ayın içərisində darmadağın etdi. Artıq erməni gücü, erməni lobbisi, erməni birliyi, erməni əsgəri deyilən bir məfhum yoxdur ortada. Hamısını bir vaxtlar vəhşicəsinə işğal etdikləri Qarabağda gömdük.

İndi isə bir qədər ağlı olan ermənini, ermənipərəst və ermənisevərləri bir şey düşündürür - görəsən, bundan sonra Ermənistanın bir dövlət kimi varlığı necə olacaq?! Siyasi iradə məhv olub, iqtisadiyyat çöküb, sosial partlayış an məsələsidir və üstəgəl, ölkə regionda tamamilə təcrid durumdadır. Di gəl bu vahiməli labirintdən çıx!

Təbii ki, yalnız ağıllı strategiya ilə bu vəziyətdən çıxmaq mümkündür. Amma bu, ermənilər və onların başbilənlərinin başına görə deyil. Odur ki, gəlin, bu biçarələrə bir çarə göstərək! Təbii ki, gələcək varlıqlarını sürdürmək istəyirlərsə...

• Təslim olun və Dağlıq Qarabağı, ətraf rayonları bir an belə itirmədən tərk edin!

• Heç bir şərt, heç bir iddia səsləndirmədən sülhə razılaşın!

• Azərbaycan dövlətindən və Azərbaycan xalqından rəsmi səviyyədə üzr istəyin!

Bax, bu üç şeyi nə qədər tez dərk edib həyata keçirsəniz, sizlər üçün bir o qədər yaxşı olacaq. Səbəbini də izah edək - dediyim kimi, onların başı belə şeylər üçün deyil...

Azərbaycan güclü, qəzəbli olduğu qədər də rəhmlidir. Bu, şübhəsizdir. Ona görə də Ermənistanın yuxarıdakı şərtləri yerinə yetirəcəyi təqdirdə onun təcrid vəziyyətindən çıxması məhz Azərbaycana bağlıdır. Düşünün, Azərbaycana görə, bütün qapılar Ermənistanın üzünə bağlıdır. Türkiyə sərhədləri də daxil bu qapılar açıla bilər. Eləcə də yaxın günlərdə Şanlı Azərbaycan Ordusu tərəfindən tamamilə bağlanılacaq Laçın koridoru ermənilər üçün açıq saxlanıla bilər. Bunun qarşılığında Ermənistan da Azərbaycana İranla sərhəd boyu Naxçıvan koridorunu təklif edə bilər. Bunlar isə o deməkdir ki, Ermənistan artıq sərbəst şəkildə Türkiyə ilə yanaşı, Azərbaycanla da ticarət və turizm fəaliyətləri həyata keçirər.

Hətta gələcəkdə Ermənistan sülhə, bölgədəki sabitliyə riayət edəcəyi və təminat verəcəyi təqdirdə bu gün ballistik raketlərlə vurmağa çalışdığı Mingəçevir SES-dən elektrik də ala bilər və sair və ilaxır...

Təbii ki, bu deyilənləri ermənilər düşünməlidir, bunlar olsun deyə, Ermənistan var gücü ilə çalışmalıdır. Ağılları olsaydı, buna görə Azərbaycanın ayaqlarına düşərdilər, firənglərin deyil, azərbaycanlıların dabanlarını yalardılar...

Elgün Mənsimov Trend