"İşğal edilən ərazilərdə mədəni sərvətimizi məhv edənlər cinayət məsuliyyətinə cəlb edilməlidir"


Siyasət 06 Noy 2020 11:59:31 141 0

"İşğal edilən ərazilərdə mədəni sərvətimizi məhv edənlər cinayət məsuliyyətinə cəlb edilməlidir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq azad edilir. Biz inanırıq ki, müzəffər Azərbaycan ordusu torpaqlarımızın bütövlüyünü və suverenliyini bərpa edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev xarici mətbuatdakı müsahibələrində Azərbaycan dövlətinin siyasətini və baş verən hadisələri çox ardıcıl şəkildə dünya ictimaiyyətinin diqqətinə çatırır: "Azərbaycanın ünvanına səsləndirilən xoşagəlməz məsələlərə də aydınlıq gətirir. Bir daha diqqətə çatdırır ki, Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizədə həmişə ön sırada dayanıb və bunun bir faktını mən diqqətə çatdırmaq istəyirəm ki, 2001-ci ilin sentyabr ayında ABŞ-da terror hadisəsi törədiləndə AŞPA-da Avropa ölkələri hələ susanda o zaman nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev məsələ qaldırdı və bildirdi ki, biz bu məsələyə susmalı deyilik və terrorizmə qarşı mübarizədə qüvvələrimizi səfərbər etməliyik".

B.Əliyev vurğulayıb ki, bu sözlər hələ o zaman deyilmiş və Azərbaycan xalqının, dövlətinin iradəsi ortaya qoyulmuşdu: "Bu gün torpaqlarımız işğaldan azad edildikcə biz görürük ki, bizim bütün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz darmadağın edilib. Mədəni sərvətimiz məhv edilib. Düşünürəm ki, bu məsələlərlə bağlı sənədləşmə aparılmalı, cinayət işləri qaldırılmalı, bu işdə əli olmuş bütün insanlar cinayət məsuliyyətinə cəlb edilməli və onlar haqqında tədbirlər görülməlidir".