Ombudsman Aparatının əməkdaşları beynəlxalq onlayn iclasda iştirak ediblər


Siyasət 05 Noy 2020 17:59:00 139 0

Ombudsman Aparatının əməkdaşları beynəlxalq onlayn iclasda iştirak ediblər

Azərbaycan Respulikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Aynur Həmidova və Elvin Hacıyev Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin 2018-2021-ci illər üçün Strateji Planı üzrə fəaliyyət göstərən Sığınacaq və Miqrasiya üzrə İşçi Qrupunun onlayn iclasında iştirak ediblər.

Ombudsman Aparatından Son.az-a bildirilib ki, Belçika, Xorvatiya, Estoniya, Fransa, Serbiya, İspaniya və s. ölkələrin Milli İnsan Hüquqları İnstitutlarının 20-dən çox nümayəndəsinin iştirak etdiyi bu iclas Qrupun üzvü olan təsisatların yeni prioritetlərə uyğun və birgə əməkdaşlıq çərçivəsində gördüyü işlər, əldə edilən praktiki nəticələr və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilib.

İclasda çıxış edən Aparatın nümayəndələri ölkəmizin COVID-19, eyni zamanda əzəli, tarixi və beynəlxalq hüquq tərəfindən tanınan torpaqlarının geri qaytarılması uğrunda Ermənistanın hərbi təxribatına qarşı mübarizə apardığını qeyd edərək, bu şəraitdə Ombudsman təsisatının çevik və məqsədyönlü fəaliyyətinin davam etdiyini vurğulayıblar.

Aparatın əməkdaşları ölkə ərazisində olan əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərlə yanaşı, xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının effektiv müdafiəsi və bərpası, bu məqsədlə xarici dövlətlərin ombudsmanları, habelə müvafiq diplomatik nümayəndəliklərlə əməkdaşlığın möhkəmlənməsi və birgə görülmüş işlər nəticəsində əldə edilən müsbət təcrübə barədə danışıblar.

Qeyd edilib ki, Aparatda fəaliyyət göstərən 916 Çağrı Mərkəzinə daxil olan hər bir müraciətlə bağlı operativ tədbirlər görülür, eyni zamanda miqrantların və onların ailə üzvlərinin sağlamlığının qorunması, təhsil, əmək və digər hüquqlarının təmini və vahid prosedurlar əsasında sənədləşməsi məsələsi diqqətdə saxlanılır.

Həmçinin, bildirilib ki, Müvəkkil mütəmadi olaraq rəsmi internet səhifəsi və digər sosial media vasitələri ilə maarifləndirici məlumatlar yayımlayır, əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği ilə bağlı aidiyyəti qurumlara tövsiyələr ünvanlayır.

Tədbir çərçivəsində sərhədlərdə monitorinqlərin təşkil edilməsi, bu istiqamətdə potensialın gücləndirilməsi, regional və beynəlxalq səviyyədə məlumatlılığın artırılması, habelə müasir beynəlxalq çağırışlara uyğun Qrupun fəaliyyətinin təkmilləşdirilməsi məsələləri də müzakirə edilib.