"COVİDlə mübarizə torpaq uğrundakı mübarizəmizin bir hissəsi olmalıdır, bu, bizi qələbəyə daha da yaxınlaşdırır"


Digərləri 04 Noy 2020 13:50:00 155 0

"COVİDlə mübarizə torpaq uğrundakı mübarizəmizin bir hissəsi olmalıdır, bu, bizi qələbəyə daha da yaxınlaşdırır"

İnsanlar arasında təmaslar artdıqda virusdan qorunma tədbirlərinə daha ciddi əməl edilərsə, COVİD-19-a yoluxma sayı artmaz.

Son.az bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov məhz təmasların artdığı şəraitdə insanların virusdan özlərini daha çox qorumasının lazım olduğunu söyləyərək hər kəsi indi daha çox diqqətli olmağa çağırıb:

"Bizim səhiyyə sistemimiz COVİD-19-la xəstələnmiş ağır xəstələri qəbul edərək yüklənməməlidir. Ola bilər ki, virusdan qorunmayan şəxs COVİD-19-a yoluxduqda xəstəliyi yüngül keçirsin. Amma o, infeksiya mənbəyinə çevrilməklə bir neçə nəfəri virusa yoluxdura bilər və o şəxslər gedib ağırlaşmış vəziyyətdə xəstəxanaya düşə bilərlər. Buna görə də indi hər kəs çalışmalıdır ki, xəstələnməsin, xəstəxanaya düşməsin və başqalarının da xəstəxanaya düşməsinə səbəb olmasın. Çünki o xəstəxana bizim ordunun xidmətində olmalıdır. Ona görə də COVİD-lə mübarizə bizim vətən torpağı uğrunda apardığımız mübarizəmizin bir hissəsi olmalıdır. Biz özümüzü qorumaqla sanki vətənpərvərlik hislərimizi də ortaya qoymuş oluruq. Harada olmasından asılı olmayaraq, indi hər kəs bunu fikirləşməlidir. Çünki bu, bizi qələbəyə daha da yaxınlaşdıracaq".