Vyana terrorundan sonra ən çox bu 2 türkdən danışıldı


Dünya 03 Noy 2020 18:24:00 149 0

Vyana terrorundan sonra ən çox bu 2 türkdən danışıldı

Vyanadakı silahlı terror hücumunda yaralanan polis və qadınlara kömək edən Türkiyə vətəndaşları Rəcəb Tayyib Gültəkin və Mikayıl Özənin qəhrəmanlıqları gündəm olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada törədilən hücumda terrorçularla qarşılaşan və ayağından yaralanan Gültəkin yaşadıqlarını "Anadolu" agentliyinə danışıb.

Paytaxtın Birinci Vyana adlanan ərazisində dostu Mikayıl Özənlə birlikdə olan Gültəkin bu zaman silah səsləri eşitdiklərini və səs gələn yerə çatdıqda bir terrorçunun mülki şəxsə atəş etdiyinə şahid olduqlarını bildirib.

Gültəkin və Özən yaralı bir qadına və bir yaralı polisə kömək edərək onları təcili yardıma çatdırıb. Yaralılara kömək edən zaman terroçunun atəş açması nəticəsində Gültəkin ayağından yaralanıb.

İki türkün qəhrəmanlığı Avstriya mətbuatında gündəm olub.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında terror hücumu zamanı qəhrəmanlıq göstərən hər iki türk barədə yazıb: "Dünən axşam Vyanada iki qəhrəman var idi. Bir türk və bir müsəlmanın etməsi lazım olanı etdilər. Rəcəb Tayyib və Mikayıl! Sağ olun uşaqlar. Biz sizinlə qürur duyuruq!"