Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur FOTO


Digərləri 03 Noy 2020 17:54:00 163 0

Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur  FOTO

Bu gün Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Beynəlxalq İnnovasiya İdeyaları Həftəsi - "InnoWeek.uz" ilk dəfə onlayn formatda işə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Son.az-a bildirilib ki, tədbirdə 30-dan çox ölkənin, aparıcı beynəlxalq təşkilat və şirkətlərin elm və innovasiyalar üzrə mütəxəssisləri iştirak edirlər.

"InnoWeek.uz-2020"-nin açılış mərasimində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nazir "COVID-19" pandemiyasının dünyadakı vəziyyəti tamamilə dəyişdiyini, innovativ texnologiyaların onunla mübarizədə mühüm rol oynadığını, eyni zamanda onlayn xidmətlər və innovativ həllər üçün yeni imkanların yarandığını bildirib.

Ramin Quluzadə qeyd edib ki, Azərbaycan Respublikasında innovasiyaların inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir: "Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. Əsas hədəflərimizdən biri də ölkəmizdə ideyaların məhsula çevrilməsinə və bazara çıxarılmasına xidmət edən dinamik bir innovasiya sistemi yaratmaqdır. Hazırda İnnovasiyalar Agentliyi startapçılara ideyalarının reallaşdırılmasında dəstək olur. Ölkəmizdə innovativ ideyaları dəstəkləyən texnoparklar, biznes inkubatorlar, sənaye zonaları, sənaye məhəllələri və fondlar mövcuddur. Rezidentlərə vergi və gömrük güzəştləri edilir".

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2018-ci ildən bəri hər il innovasiya həftələri - "Innoweek", innovasiya festivalları - "Innofest", habelə ölkənin bölgələrini əhatə edən "I2B - İdeyadan Biznesə" startap turları keçirilir. Ötən il nazirlik Azərbaycan İnnovasiya Mükafatını da təsis etdi. Bu mükafatın məqsədi ölkəmizdəki innovasiya ekosistemində fəal iştirakçıları stimullaşdırmaqdır", - deyə nazir əlavə edib.

İnnovasiyaların inkişafı üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Ramin Quluzadə Özbəkistanda da innovasiya sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini, bu sahədə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq üçün regional platformanın yaradılmasına ehtiyac olduğunu söyləyib: "Belə bir platforma vasitəsilə innovasiya ekosisteminə dair vahid məlumat bazası, regional startap portalı və vahid onlayn tədris platforması yaratmaq, startaplar üçün ortaq akselerasiya və mübadilə proqramları təşkil etmək, eləcə də vençur fondları və mələk investorları (Angel Investors) şəbəkəsi qurmaqla qarşılıqlı fəaliyyət göstərmək mümkündür və biz bu istiqamətdə əməkdaşlığa hazırıq".