"Ermənistan müharibənin müddətini muzdlularla, terrorçularla uzatmaq istəyir"


Siyasət 03 Noy 2020 17:58:00 161 0

"Ermənistan müharibənin müddətini muzdlularla, terrorçularla uzatmaq istəyir"

"Ermənistan müharibənin müddətini uzatmağa çalışır, məğlubiyyətlə razılaşmaq istəmir".

Bunu Son.az-a açıqlamasında geosiyasət və konfliktologiya üzrə ekspert Ramiz Sevdimalıyev deyib.

Ekspert qeyd edib ki, Ermənistan partizan-terrorçu müharibəsinə keçmək istəyir:

"Ermənistan ənənəvi olaraq həmişə muzdluların, terrorçuların xidmətindən istifadə edib, yararlanıb və bu gün də o yolla gedir. Ona görə, Amerikadan, Fransadan, Argentinadan, Livandan, Suriyadan, Kanadadan və s. dünyanın müxtəlif yerindən tək erməni əsilli yox, həmin ölkələrin radikal partiyalarının irqçi çağırışları əsasında Qarabağda döyüşlər üçün müəyyən miqdarda pul müqabilində döyüşçülər cəlb edilir. Ermənistan müharibənin müddətini hansısa formada könüllülərlə, ya muzdlularla, ya terrorçularla uzatmaq istəyir. Onlar çalışırlar ki partizan-terrorçu müharibəsinə keçsinlər. Amma məsələ burasındadır ki, partizan-terrorçu müharibəsi aparmaq üçün gərək yerli xalqdan da ona dəstək olsun. Amma Dağlıq Qrabağda heç bir dəstək olmayacaq. Ona görə, hər hansı bir partizan müharibəsindən söhbət gedə bilməz. Çünki yerli əhali dəstək verməyəcək və onların niyyəti alınmayacaq. O ki qaldı terror müharibəsi, ermənilər dünyanın hər bir yerindən yığışıb gəlirlər. Güya ki, onlar "erməniçilik təhlükədədir" adı altında güya Dağlıq Qarabağda erməniçiliyi xilas etmək istəyirlər. Mənə elə gəlir ki, bunun heç bir perspektivi yoxdur. Çünki bu gün uzunmüddətli partizan-terror müharibəsi aparmaq üçün texniki imkanları onlara imkan vermir".

R. Sevdimalıyev onu da qeyd edib ki, Ermənistan höküməti bu faciədən üzüağ çıxmaqla öz cəmiyyətini, öz dövlətini xilas etmək əvəzinə müharibə yolunu seçib:

"Azərbaycan Ordusu çox müasir silahlarla, uçuş aparatları ilə silahlanıbdır və onların hamısını nöqtəbənöqtə harada gizlənməyindən asılı olmayaraq tapıb məhv etmək mümkün olacaqdır. Sadəcə olaraq Ermənistan bu gün bu yolu seçməklə bir daha göstərir ki, regiona ən böyük təhdiddir, ən böyük təhlükə mənbəyidir. Çox maraqlıdır ki, Ermənistan özü başa düşür ki, erməni cəmiyyəti bu gün faciə yaşayır. Ermənistan höküməti bu faciədən üzüağ çıxmaqla öz cəmiyyətini, öz dövlətini xilas etmək əvəzinə daha da vəziyyət gərginləşdirmək, daha da ağır təxribatlar, riyakarlıq, müharibə yolunu seçib. Təəssüf olsun ki, bu gün biz Ermənistan cəmiyyətində bir dənə də olsun siyasi partiya və ya onun liderlərini görmürük ki, onlar elan etsinlər ki, dayanmaq, Azərbaycanla sülhə getmək lazımdır. Ermənistanda bunu bu şəkildə dilə gətirən heç bir siyasi qüvvə yoxdur, əksinə bütün siyasi qüvvələr, könüllülər, idmançılar bu prosesdə iştirak edirlər, xarici dövlətlərdən silah daşımaqla məşğuldurlar. Hətta Ermənistan parlamentində könüllülər dəstəsinə legitimlik, hüquqi don geydirmək üçün qanun layihəsi qəbul etdilər. Güya ki, könüllülər dəstəsi Ermənistanın silahlı qüvvələrini tərkib hissəsində Azərbaycana qarşı Dağlıq Qarabağda vuruşacaqlar. Yəni ki, Ermənistan üçün vəziyyət gərgin, ağır olaraq qalır, getdikcə bu kəskin vəziyyət dərinləşir. Amma əfsuslar olsun ki, Ermənistanın siyasi elitası, Ermənistan cəmiyyəti bundan düzgün nəticə çıxarmaq istəmir, ya da nəticə çıxaracaq qabiliyyətdə deyillər". 

Təhməz Əsədov Son.az