İşğalçı Ermənistanın demokratik prinsiplərə və media azadlığına təhdid siyasəti cəzasız qalmamalıdır


Siyasət 03 Noy 2020 17:24:00 147 0

İşğalçı Ermənistanın demokratik prinsiplərə və media azadlığına təhdid siyasəti cəzasız qalmamalıdır

Söz və mətbuat azadlığı demokratik dünya üçün bir dəyərdir. Bu dəyərlərin qorunması üçün dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları müxtəlif səviyyələrdə tədbirlər görürlər. Lakin hansısa səbəbdən bəzi hallarda bu dəyərlərin qorunmasına əhəmiyyət verilmir. Xüsusilə də Ermənistan kimi faşist ideologiyasına xidmət edən terrorçu dövlətin söz və mətbuat azadlığına qarşı fiziki məhvetmə hədələrinə susqunluqla yanaşılır. Ermənistan və onun dəstəklədiyi ASALA erməni terror təşkilatı informasiya müharibəsi müstəvisində ən iyrənc, qeyri-siyasi və qeyri-insani formalarda addımlar atmaqdadırlar.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında söyləyib. Vüqar Rəhimzadə bildirib ki, bu gün sivil dünyanın başağrısına çevrilmiş Ermənistan terrorçu mahiyyətinə uyğun olaraq Azərbaycana qarşı təcavüzkar siyasətinin bütün həqiqətlərini beynəlxalq aləmdən gizlətmək üçün hər cür alçaq və iyrənc yola əl atır: "Son həftələrdə erməni lobbisinin və diasporunun təşkilatçılığı ilə Fransada "TF1" televiziyasının müxbirinə və Amerikada "Nyu-York Tayms" qəzetinin əməkdaşına qarşı təhdid, təzyiq və təqiblər amansız xarakter alıb. Səbəb isə odur ki, ABŞ və Fransanın sözügedən media qurumları ermənilərin törətdikləri cinayətlərə obyektiv və ədalətli mövqe sərgiləyiblər. Görünür, radikal erməni terror qruplaşmaları, əslində isə işğalçı Ermənistan dövləti həqiqətlərin dünya ictimaiyyətinə açıqlanmasında maraqlı deyil. Bununla da Ermənistan sübut edir ki, heç bir beynəlxalq hüquq və media azadlığı normalarına hörmət etmir və o, öz faşist mahiyyəti ilə bütün ölkələr üçün təhlükə mənbəyinə çevrilməkdədir. Bu səbəbdən də faşist və işğalçı Ermənistanın demokratik prinsiplərə və media azadlığına təzyiq və təhdid siyasəti yolverilməzdir və hesab edirəm ki, onun özbaşınalığı cəzasız qalmamalıdır".

Baş redaktor diqqətə çatdırıb ki, bütün dünya ölkələrinə demokratiya "dərsi" keçməyə çalışan Fransa və ABŞ hansı səbəbdən onların media qurumlarını, jurnalistlərini, siyasətçilərini təhdid edən erməni terror qruplaşmalarının, lobbisinin, diaspor təşkilatlarının bu cinayətkar addımlarına susurlar? Söz və media azadlığını qorumağı özlərinin həyat amalı hesab edən beynəlxalq təşkilatlar, QHT-lər niyə tədbirsiz qalıblar? Ermənistanın, erməni lobbisinin medianı, söz azadlığını boğmaq əməllərinə nə üçün münasibət bildirilmir?

Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistanın insan haqları, demokratiya və azad media prinsiplərini təhdid edən addımlarının cəzasız qalması hər kəsi düşündürməlidir. Bu gün öz gözlərində tiri görməyənlərin başqalarının gözündə tük axtarmaları nə dərəcədə ədalətli sayıla bilər? Düşünürəm ki, Fransa və ABŞ-ın media nümayəndələrinin təhdid edilməsinə görə Ermənistana qarşı tədbirlər görməmələri bu dövlətlərin siyasətinin əsl mahiyyətini ortaya qoyur.