Nevroloq: "İnsultdan qorunmaq üçün gənclər də profilaktik müayinələrdən keçməlidir"


Digərləri 31 Okt 2020 23:55:00 251 0

Nevroloq: "İnsultdan qorunmaq üçün gənclər də profilaktik müayinələrdən keçməlidir"

İnsultun gənc yaşda baş verə bilmə ehtimalını nəzərə alaraq gənc yaşlı şəxslərin də profilaktik müayinələrdən keçməsi lazımdır.

Bunu həkim-nevroloq, Mərkəzi Gömrük Hospitalının həkimi, Avropa İnsult Təşkilatı, Avropa Nevrologiya Akademiyasının üzvü İlahə Əzizova bildirib.

Son.az e-tibb.az-a istinadənmütəxəssisin insult, onun riksləri, xəstəlikdən qorunma yolları barədə fikirlərini təqdim edir:

İnsult - beyin qan dövranının kəskin pozulmasıdır və işemik və hemorragik olmaqla iki tipə bölünür. İşemik insult qan təchizatının çatışmazlığı nəticəsində beyinin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. 24 saat ərzində, kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit, tam keçərsə, bu sindrom tranzitor işemik həmlə (TİH) adlanır. Hemorragik insult isə serebral arteriyanın travmatik mənşəli olmayan partlaması və qanın intrakranial sahəyə axması nəticəsində beyin qan dövranın kəskin pozulmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, hər il 15 milyon insan insultdan əziyyət çəkir, onlardan 5 milyonu dünyasını dəyişir, digər 5 milyonu isə ömürlük əlil qalır. İnsultların 87%-ni işemik insult təşkil edir. İnsult dünyada ölüm səbəbləri sırasında 2-ci yeri tutur. Amerika Birləşmiş Ştatlarda hər 40 saniyədən bir insult baş verir. Kişilərdə insult qadınlara nisbətən daha çox rast gəlinir. Belə ki, müasir tibbin inkişafına baxmayaraq, insultdan xəstələnmə hadisələri artmaqdadır.

Baş beynin insultunun risk amillərini iki yerə bölmək olar: modifikasiya edilən və modifikasiya edilməyən. Modifikasiya edilməyən risk amillərinə yaş, cins, irq, genetik meyillik aiddir. Modifikasiya edilən amillərə isə arterial hipertenziya, siqaretçəkmə, şəkərli diabet, ürək xəstəlikləri (səyirici aritmiya, ürək qusurları), hiperlipidemiya, hipodinamiya, piylənmə, anamnezdə tranzitor işemik həmlənin və ya insultun olması, yuxu arteriyaların daralması, oral kontraseptivlərin qəbulu, alkoqolun həddən artıq qəbulu aiddir. Bəzi ilkin tədqiqatlar göstərir ki, COVID-19 infeksiyasıda işemik insulta səbəb ola bilər, hərçənd ki daha çox tədqiqata ehtiyac var. Risk amillərin bu qədər çox olması serebrovaskulyar xəstəliklərin inkişaf dərəcəsini əhəmiyyətli dərəcədə artırır.

İnsultun klinik təzahürü beyində zədələnmə lokalizasiyasından asılıdır. İnsultun simptomlarına ətraflarda zəiflik, keyimə, üzün əyilməsi, nitqin pozulması, udmanın pozulması, başgicəllənmə, müvazinətin pozulması, yaddaşın qəflətən pozulması, huşun dəyişilməsi, ürəkbulanma, qusma, baş ağrısı, görmənin pozulması aiddir

İnsultlu xəstələrin diaqnostikası necə aparılır?

Pasientdən şikayət və anamnez toplanmalı, nevroloji status yoxlanılmalıdır. Xəstədə mövcud olan nevroloji defisitin qiymətləndirilməsi və dinamik nəzarət üçün xüsusi insult şkalalarından istifadə edilir, məsələn, NİHSS şkalası. Vaxt itirmədən yanaşı müəyyən laborator analizlər, instrumental müayinələr aparılır. Baş beynin vizualizasiya metodları - komyuter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT), karotis, vertebral arteriyaların rəngli doppler müayinəsi, kompyuter tomoqrafik angioqrafiya (KTA) və ya maqnit rezonans angioqrafiya (MRA) aparılır. İnsultun adekvat müalicəsi və ikincili profilaktikasının aparılması üçün onun mümkün olan səbəbinin/səbəblərinin axtarılması vacibdir. Unutmamaq lazımdır ki, düzgün diaqnostik yanaşma düzgün müalicənin bünövrəsidir. Bu baxımdan xüsusilə insultun diaqnostikasında vacib əhəmiyyətə malik olan laborator müayinələrin sürətli və dəqiq bir şəkildə əldə olunması, KT və MRT cihazlarının ən son texnologiyalara əsaslanması mühüm önəmə malikdir. Müasir tibbi texnologiyalardan istifadə diaqnozun düzgün qoyulması və sonrakı mərhələdə müalicənin doğru gedişdə aparılmasına çox yardım edir.