Özümüzü miqrendən qoruya bilərikmi?


Digərləri 31 Okt 2020 21:15:00 182 0

Özümüzü miqrendən qoruya bilərikmi?

Miqren əhali arasında ən geniş rast gəlinən problemlərdən biridir. Miqren tutmalarını birdəfəlik müalicə etmək mümkün sayılmır. Eləcə də bu problemin dəqiq səbəbi bu günə kimi bəlli deyil. Son illərdə miqren baş ağarılarına hətta uşaqlarda da rast gəlinir. Bəs miqrendən qorunmaq mümkündürmü?

Son.az e-tibb.az-a istinadən nevroloq, Mərkəzi Gömrük Hospitalının həkimi İlahə Əzizovanın bu suala cavabını təqdim edir:

Nevroloji miqren xəstəliyi böyüklərdə 4-72 saat, uşaqlarda isə 1-72 saat davam edə bilir, ildə bir neçə dəfəyə qədər təkrarlana bilən miqren xəstəliyi özünü kəskin ağrılar şəklində büruzə verir. Miqrenin əsas təzahürü baş ağrılarıdır. Bununla yanaşı, miqren özünü ürəkbulanma və qusma, həmçinin işığa və səsə qarşı həssaslıq formasında göstərə bilər. Miqren dünyada ən genış yayılmış xəstəliklər sırasında 3-cü yerdədir. Bu növ baş ağrısı şəkərli diabet, epilepsiya və astma xəstəliklərindən də çox yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Yer kürəsində hər gün təxminən hər milyon insandan 3000 nəfəri miqrendən əziyyət çəkir. Miqren tutmasını yarada biləcək amillərə stress, zehni gərginlik, yorğunluq, yuxunun pozulması, çənə oynağının disfunksiyası, meteoroloji və temperatur dəyişkənliyi, səyahətlər, kəskin qoxular, gür işıq, yüksək səs, yüksək fiziki aktivlik, maye qəbulunun az olması, kəllə-beyin travması, uzaq uçuş ilə əlaqəli gündəlik bioritmin pozulması, kompüter, aclıq və ya yemək qəbulunun gecikməsi, soyuq qida, alkoqollu içkilər, şokolad, yüksək kofeinli içkilər, pendir, yağlı qidalar, kofe, çay kimi bəzi qida məhsulları daxildir.

Külək, fırtına, Günəş işığı, rütubətin yüksək səviyyəsi də miqren yarada bilər. Miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir. Uşaqlarda, hətta körpələrdə belə, miqren ağrıları müşahidə edilə bilər. Miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar "epizodik ağrılar" adlanır. Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər hallar səbəb ola bilər. Xroniki miqren müalicə edilmədikdə, ciddi fəsadlara yol aça bilər.