Prezident İlham Əliyev: "Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir"


Siyasət 31 Okt 2020 12:56:00 147 0

Prezident İlham Əliyev: "Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir"

Mən dəfələrlə demişəm ki, müharibənin nə qədər davam edəcəyi Ermənistandan asılıdır. Biz bu gün dayanmağa hazırıq. Bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bunu oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

"...Baxın, görün nələr baş verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var", - Prezident İlham Əliyev bildirib.

Ermənistandan fərqli olaraq, Azərbaycanın mülki əhalini hədəfə almadığını vurğulayan dövlətimizin başçısı deyib: "Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".