Professor karantin rejiminin bitəcəyi tarixi açıqladı: Ən azı yaya qədər... MÜSAHİBƏ


Digərləri 30 Okt 2020 21:36:00 167 0

Professor karantin rejiminin bitəcəyi tarixi açıqladı: Ən azı yaya qədər...  MÜSAHİBƏ

Son.az publika.az-a istinadən TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanovla müsahibəni təqdim edir.

- Akif doktor, yeni növ koronavirusa yoluxma hallarının dünyada və ölkəmizdə artmasının səbəbini nədə görürsünüz?

- Virusun artmasının iki səbəbi var: bizdən asılı olan və asılı olmayan. Asılı olmayan səbəb odur ki, qış ayları yaxınlaşır və bu mövsümdə bütün tənəffüs infeksiyaları, o cümlədən COVID-19 infeksiyası aktivləşir. Bir neçə ay əvvəl biz bu barədə məlumat vermişdik, yoluxma hallarının artacağını gözləyirdik. Soyuq havaların düşməsi ilə əlaqədar dünyada da yoluxma sayında rekord göstəricilər qeydə alınmağa başlayıb. Səbəbi odur ki, soyuq hava tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflədir. COVID-19 da tənəffüs infeksiyası olduğundan bundan kənarda qala bilməzdi.

İndi koronavirusla birlikdə digər tənəffüs infeksiyaları, o cümlədən qrip və qripəbənzər xəstəliklərin aktivləşmə dövrüdür. Yayda kimsə tənəffüs infeksiyalarının əlamətlərini hiss edirdisə, özünü COVID-19 xəstəsi nöqteyi nəzərdən dəyərləndirirdi. Təcili analizlər verməklə yeni növ koronavirus infeksiyasına yoluxub-yoluxmadığını müəyyənləşdirə bilirdi. Hazırkı dövrdə bu məsələ bir az da mürəkkəbləşib. İnsanlar tənəffüs infeksiyalarının qızdırma, öskürək, baş ağrısı və bu kimi əlamətlərini hiss etdikdə elə hesab edirlər ki, bu, ya qrip, ya qripəbənzər xəstəlikdir, ya da sadəcə soyuqlayıblar. Əslində, ola bilər ki, onlarda koronavirus olsun və bunu özləri də bilməsin. Nəticədə infeksiya mənbəyi olaraq ətrafdakıları da yoluxdurmağa başlayacaqlar.

İkinci səbəbi qorunma tədbirlərinə əməl etməməyimizlə əlaqədardır. Qorunma tədbirlərinə əməl etmədikdə sözsüz ki, yoluxmaların sayı artacaq.

- Qrip və ya yeni növ koronavirus infeksiyasına yoluxduğumuzu necə müəyyən edə bilərik?

- Hər bir şəxs soyuqlama və tənəffüs infeksiyalarının əlamətlərini hiss etdikdə özünü təcrid etməli və xəstəliyin sonrakı gedişini izləməlidir. Əgər qızdırmalı hal, öskürək və halsızlıq bir neçə gün davam edərsə, dərhal həkimə müraciət etməliyik ki, COVID-19-un olub-olmadığı həkimlər tərəfindən müəyyənləşdirilsin. Bunun vasitəsilə xəstəliklərdən yoluxmanın qarşısını ala bilərik. Digər tərəfdən, hər hansı şəxs koronavirus xəstəsi ilə təmasda olubsa və ya onun yoluxduğunu sonradan bilibsə, özünütəcrid prinsipinə əməl etməlidir. Bilməlidir ki, özü də virus daşıyıcısı ola bilər. Əgər evdə özünü ayrı otaqda təcrid etmək imkanı varsa, izolyasiya qaydalarına əməl etməlidir. İş yerinə bu barədə məlumat və ya izahat verməlidir. Koronavirus xəstələri ilə təmasda olmuş və ya tənəffüs yolu infeksiyalarına yoluxan şəxslər çox ehtiyatlı olmalıdırlar, çünki bilmədən infeksiyanı başqasına yoluxdura bilərlər.

- Ekspertlər bu bəladan yeganə çıxış yolunu peyvəndlərin tapılmasında görür. Həqiqətən də virusa qarşı effektiv peyvənd tapılmayana qədər normal həyata qayıtmaq mümkün olmayacaq və o zamana kimi biz bu qaydalarla yaşamağa davam edəcəyik?