TİKA işğaldan azad olunmuş rayonlarda KOB sektorunun inkişafında maraqlıdır


Digərləri 28 Okt 2020 16:40:00 160 0

TİKA işğaldan azad olunmuş rayonlarda KOB sektorunun inkişafında maraqlıdır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

Agentlikdən Son.az-a bildirilib ki, KOBİA və TİKA arasında KOB sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstəyi tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib, Agentliyin Türkiyənin müvafiq qurumları ilə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanın və Türkiyənin müvafiq qurumlarının iştirakı və dəstəyi ilə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələr xüsusilə qeyd olunub. KOBİA sədri 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verərək Türkiyənin Azərbaycana dəstəyinin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə TİKA ilə birgə ölkə regionlarında, o cümlədən işğaldan azad edilmiş rayonlarda KOB sektorunun inkişafı və məşğulluğun artırılması istiqamətlərində, eləcə də sosial sahibkarlıq və həssas kateqoriyadan olan sahibkarlar üçün birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.