Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq


Digərləri 28 Okt 2020 15:20:00 170 0

Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

İdarədən Son.az-a verilən məlumata görə, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib.

"Məktəb bülletenləri"nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.