"Təzyiqlərin əsas hədəfi Ermənistanı ağır məğlubiyyətdən qurtarmaqdır"


Siyasət 26 Okt 2020 15:38:00 154 0

"Təzyiqlərin əsas hədəfi Ermənistanı ağır məğlubiyyətdən qurtarmaqdır"

"Azərbaycana qarşı olan bu təzyiqlərin əsas məqsədi, Dövlət başçısı İlham Əliyevin də dediyi kimi, Ermənistanı xilas etməkdir".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, yalançı atəşkəs çağırışları da ordumuzun uğurlarını dayandıra bilmir:

"Görürlər ki, Ermənistan məğlubiyyətə düçar olur, yenə də bizi atəşkəsə, danışıqlara sürükləmək istəyirlər ki, bir 30 il də bu məsələ dondurulsun. Amma artıq reallıq dəyişib, bunu dövlət başçısı da vurğuladı. Bu reallıqla hələ ki çox təəssüf ki, hesablaşmırlar. Amma Azərbaycan Ordusunun uğurları artdıqca düşünürəm ki, Qərbin özündə şərtlər artacaq ki, Ermənistan artıq qoşunlarını çıxartmalıdır, başqa çarəsi qalmayıb. Ona görə, Azərbaycana bu təzyiqlər heç bir nəticə vermir. Müharibənin ilk 3-4 günü müəyyən kritik həddə idik. Görürdük təzyiqlər var. Düşünürdük ki, nə ola bilər, nə baş verə bilər, Rusiya, Amerika, Fransa nə edə bilər. Bu reaksiyaları biz artıq öyrəndik, heç kim bizim əlimizi-qolumuzu bağlaya bilmir, yalançı atəşkəs çağırışları da bizim ordunun uğurunu dayandıra bilmir. Ona görə də biz öz işimizi davam etdiririk.

Biz bununla razılaşa bilmərik

Yenə təkrar edirəm, təzyiqlərin əsas hədəfi Ermənistanı indiki ağır məğlubiyyətdən qurtarmaqdır. Biz bununla razılaşa bilmərik. Atəşkəsdən istifadə edib, istehkamları möhkəmləndirmək və əlavə qüvvələr gətirmək üçün biz buna da imkan verə bilmərik. Ard-arda rayonlarımızı işğalçılardan azad edirik və bu, yeni reallıqdır. Bu yeni reallığı beynəlxalq təşkilatlar, böyük dövlətlər indi qəbul etməsələr də bir müddət sona hamısı qəbul edəcək. Biz qələbə çalandan sonra həmin o beynəlxalq təşkilatlar və böyük dövlətlər məhz Azərbaycanla yenidən əməkdaşlığa qayıtmağa çalışacaqlar. Amma biz onların bu riyakar siyasətini heç zaman unutmamalıyıq".

Təhməz Əsədov Son.az