Ultrasəs müayinəsi tamamilə zərərsizdir?


Digərləri 24 Okt 2020 22:10:00 156 0

Ultrasəs müayinəsi tamamilə zərərsizdir?

İnsanların çoxu USM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Bir həkim kimi deyə bilərəm ki, USM tamamilə zərərsizdir. Bunu həkim-sonoloq, Mərkəzi Gömrük Hospitalının mütəxəssisi Tükəzban Abdullayeva bildirib.

Son.az e-tibb.az-a istinadən onun "USM müayinsindən vaxtaşırı keçmək nəyə görə lazımdır" sualına cavabını təqdim edir:  

Hazırda Ultrasəs müayinəsi (USM) tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu metod orqanizmə heç bir zərər yetirilmədən həyata keçirilir və daxili orqanlar haqqında dəqiq məlumat verilməsini, xəstəyə düzgün diaqnoz qoyulmasını mümkün edir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi daxili orqanların görüntülənməsi üçün istifadə edilir.

Pasiyentlər adətən hər hansı orqanda, məsələn, qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Təəssüflər olsun ki, çox az hallarda hec bir şikayəti olmadan müayinəyə gələnlər olur. Nəzərə almaq lazımdır ki, insan orqanizmində gizli başlayan xəstəliklər də olur.

Bəzi onkoloji xəstəliklər, məsələn, süd vəzi xərçəngi ildən-ilə cavanlaşır. Hazırda bu xəstəliyə tutulanlar arasında hər yaş qrupundan olan insanlar var. Heç kim heç bir xəstəlikdən sığortalanmayıb. Məsləhət görərdim, hər kəs heç olmazsa özünü ildə 1 dəfə profilaktik müayinə etdirsin. Çünki bəzi xəstəliklər ağrısız, bədəndə hər hansı əlamət olmadan başlayır və pasiyent vaxtında USM müayinəsindən keçərsə, hər hansı xəstəlik vaxtında aşkarlana bilər.