Anesteziya necə yaranıb?


Digərləri 24 Okt 2020 20:50:00 187 0

Anesteziya necə yaranıb?

Tarixən təbabətin ən mürəkkəb və çətin məsələlərindən biri cərrahi əməliyyatlar zamanı ağrıya qarşı mübarizə olub. Keçmişdə aparılan cərrahi əməliyyatlar zamanı bir çox hallarda ya əməliyyat lazımi səviyyədə icra edilmirdi, ya da xəstələr əməliyyat zamanı əməliyyat stolunda ağrı şokundan dünyalarını dəyişirdilər. Belə olan halda əməliyyatların ağrısız icrası üçün bir çox primitiv yollara, bəzi hallarda isə tətbiqi dəhşətli yaxud gülünc görünən vasitələrə əl atmalı olurdular. Bu üsullar bu günə kimi müxtəlif tarixi vəsaitlərdə qorunub saxlanılır.

O zamanlarda aparılan uzun illərin axtarışlarından sonra 1846-cı ilin oktyabr ayının 16-da diş həkimi Uilyam Tomas Morton Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatının Boston şəhərinin mərkəzi xəstəxanasında tibb tarixində ilk dəfə olaraq boyun şişinin cərrahi əməliyyatının ağrısız icrası üçün efir narkozunu tətbiq edərək, anesteziologiyanın əsasını qoyur.

Məhz həmin gün Ümumdünya anesteziya günü (World Anaesthesia Day) kimi qeyd edilir. 16 oktyabr günü bütün dünyada cərrahiyyənin inkişaf tarixinin başlanğıcı günü kimi qeyd olunur.

Bundan sonra anesteziyanın aparılması üçün müxtəlif dərman preparatları - anestetiklər, neyrotrop, psixotrop, trankvilizatorlar, narkotiklər, relaksantlar və sair dərmanlar kəşf edilməyə , müxtəlif aparat və cihazlar, digər texniki avadanlıqlar və vasitələr yaradılmağa başlayır.

Bu gün insan orqanizminin bütün nahiyyələrində, orqanın bütün hissəsində istənilən kiçik və iri həcmli hətda ən incə orqanda belə əməliyyatları təhlükəsiz həyata keçirmək mümkündür.

Hazırda Azərbaycanda ən mürəkkəb əməliyyatların həyata keçirilməsi məqsədi ilə anesteziya dünya standartları səviyyəsində təşkil olunur.

İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Lakin təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur.

Keyitmə vasitələri qədim zamanlardan məlum idi. Məsələn, bir çox hindu tayfaları həssaslığın azaldılması üçün müxtəlif bitkilərin şirəsindən istifadə ediblər. Eramızdan əvvəl I əsrdə yunan filosofu və həkimi Dioskorid imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb və onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparıb.

Anesteziya-sinirlərin həssaslığının itməsidir. Cərrahi əməliyyatların ağrısızlaşdırılması, dişlərin, zədələrin müalicəsi və tibbin digər sahələrində süni anesteziyadan istifadə edilir.

Cəmiyyət inkişaf etdikcə bu sahə də təkmilləşərək tibbin ayrılmaz hissəsinə çevrilib. Ondan yalnız cərrahi əməliyyatlar zamanı deyil, həm də psixiatriya, narkologiya və digər sahələrdə istifadə olunmağa başlayıb. Müasir tibdə ümumi, yerli və bel anesteziyasından istifadə edilir və bu sahə daim təkmilləşir.