Uşaqlar televizora necə və hansı şərtlərlə baxmalıdır?


Digərləri 24 Okt 2020 20:10:00 183 0

Uşaqlar televizora necə və hansı şərtlərlə baxmalıdır?

Televizorun uşaqlara mənfi təsirlərinin olduğunu mütəxəsisslər mütəmadi olaraq vurğulayırlar. Bu barədə vaxtaşırı valideynlərə müraciət olunur.

Uşaqlar televizora necə baxmalıdır? Bununla bağlı hansı şərtlər var? Uşaqlar uzun zaman televizora baxa bilərmi?

Bu barədə Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin bununla bağlı hazırladığı  (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) materialı təqdim edirik:

Faydalı olmaqla yanaşı, televizor uşaqlara mənfi təsir göstərir. Vəziyyəti tənzimləyə bildiyimiz halda televizorun ancaq faydalı tərəflərini əldə edə bilərik.

0-6 yaşlı uşaqlara uzun müddət televizora baxmaq olmaz. Bu yaş aralığındakı uşaqlarla söhbət etmədikdə, söylədiklərinə reaksiya vermədikdə və onlarla oynayıb vaxt keçirmədikdə beyin düzgün inkişaf etməyə bilər. Uşağın tək televizora baxmasına və televiziya proqramlarını seçməsinə icazə verilməməlidir.

Yatmazdan əvvəl uşaq televizora baxmamalıdır. Çünkü yatmazdan əvvəl öyrənilən məlumatlar daha dəqiq yadda saxlanılır. Bu səbəbdən uşağın biliklərini artıran proqramlara üstünlük vermək məsləhət görülür. Uşağı televizor izləyərkən yedizdirmək və yatızdırmaq olmaz. Bu uşaqlarda qidalanma və yuxu pozuntularına səbəb ola bilər.

Uşaq müəyyən norma çərçivəsində və yaşa uyğun proqramlara baxdıqda televizorun müsbət tərəflərindən faydalana bilər. Belə ki, uşağın söz ehtiyatını zənginləşir, dünya görüşü, maraq dairəsi və təxəyyülü genişlənir, əyləncəli və öyrədici vaxt keçirir.

Televizorun faydalı tərəflərini artırmaq üçün aşağıdakılar tövsiyə olunur:

- Uşağın yaşına uyğun proqramlar seçmək

- Proqramdakı hadisə və əşyaları uşaqla müzakirə etmək

- İşığı söndürməmək

- Televizora təxminən 2 metr məsafədən baxmaq

- Televizoru uşağın otağına qoymamaq

- Televizora baxmağı cəza yaxud mükafat kimi istifadə etməmək

- Gün ərzində televizora maksimum 1 saat baxmaq