Düşmənə ağır zərbə


Siyasət 21 Okt 2020 11:45:00 198 0

Düşmənə ağır zərbə

Düşmən cəbhədə xeyli canlı qüvvə və texnika itirə-itirə geri çəkilməkdə davam edir. Ermənistan bu acı məğlubiyyətin əvəzini mülki əhaliyə ballistik raket və ağır artileriyadan endirdikləri zərbələrlə çıxmaq istəyirlər. Düşmən mülki əhaliyə qarşı törətdiyi bu hərbi cinayətlə hansısa beynəlxalq təşkilatların qətnamələrini kobud şəkildə pozması barədə danışmayacam.

Çünki nə faydası?

Düşmənin cəbhədəki məğlubiyyətlərini gizlətmək üçün yaydığı dezinformasiyalara inanan soydaşlarımızı görmək çox üzücüdür. Əfsuslar olsun ki, düşmənin bu saxta məlumatlarına daha çox güvənənlərə hələ də rast gəlirik. Hələ bizim "sülh göyərçinləri"ni demirəm. Humanizm damarı tutub müharibəyə qarşı çıxanlara demək istəyirəm ki, ermənilərin Xocalıda törətdikləri soyqrımı unutması, əsir düşənləri uşaq demədən, qadın demədən, yaşlı demədən əzab verərək, min cür işgəncələrlə öldürdükləri barədə zori balayanların etiraflarına kar, kor olmaları belə bizi yolumuzdan döndərə bilməz. Belə insanlar düşmənin Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə və digər rayon və şəhərlərimizdə mülki əhalinin sıx yaşadığı yerlərə raket zərbələri endirərək onlarla insanı qətlə yetirənlər qədər, bu hadisələrə səssiz qalmaqla bu cinayətlərə ortaq olan beynəlxalq təşkilatlar və dövlətlər qədər məsuliyyət daşıyırlar.

Yoxsa, erməni baş nazirinin Şuşada alkoqol qəbul edib yallı getməyini izləməkdən həzz aldınız?

Kosmopolit olmaq dəb halını alıb. Liberal olma havasına giriblər. Guya ki müasir dünya insanları kimi hər şeyə və hər kəsə eyni münasibətdədirlər. Amma lütfən bunları gedin nümunə götürdüyünüz ölkələrdə, hansılar ki ən böyük soyqrımları özləri törədiblər tarixdə, orada edin. Bu ölkə torpağına göz dikənin gözünü oyacaq insanlara vətən olsun. Biz kimsənin torpağına göz dikməmişik. Məqsədimiz və məramımız eynidir. 30 ildir başımızın altına yastıq qoyan nə BMT-lərin, ATƏT-lərin, nə də bizimlə siçan-pişik oyunu oynayan sarkisyanların, paşinyanların nazını çəkəcək qədər səbrimiz də qalmadı. Çünki 1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədən biri - 884 saylı qətnamədə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonundan işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Bu missiyanı 27 ildən sonra Azərbaycan Ordusu özü yerinə yetirməli oldu.

Azərbaycan əsgəri işğalçı, cinayətkar, təcavüzkar əsgər deyil. Azərbaycan Ordusu sülh ordusudur. Prezident İlham Əliyev son çıxışlarının birində "Biz onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir" dediyi kimi.

Dünyanın ən murdar düşməni ilə üz-üzəyik. Xilaskar Azərbaycan ordusu bu gün Vətən Müharibəsində Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifəsini yazır. Bu müharibə sevgi ilə nifrət arasında gedir. Xeyirlə şərin mübarizəsi kimi də qeyd edənlər var. Biri vətəni üçün son nəfəsinə kimi savaşmağı seçən Azərbaycan xalqı, biri isə bu xalqa kin, nifrət bəsləyən, hər fürsətdə onu məhv etmək üçün məqam arayan Ermənistan!

Bir gün Atatürkdən soruşublar ki, Paşam dünyada ən çətin iş nədir? Deyib yatmış türkü oyatmaqdır. Sonra davam edib, unutma ki, ondan da çətin iş var bu həyatda. Soruşublar bəs o nədir? Deyib oyanmış türkü yatırtmaqdır. 30 ildir səbr etdik, gözlədik, onlara onlardan çox inanmaq istədik. Amma elə bildilər ki, həmişə belə olacaq. Artıq Azərbaycan sözünü dünyanın güc dövlətlərinə qəbul etdirəcək yerə çatdı. Tarixində ilk dəfə heç vaxt olmadığı qədər güneyli şimallı, cənublu qərbli birləşdi. Bu xalqın məqsədi, məramı uğrunda davam etdirdiyi Vətən Müharibəsi isə nəinki düşməni, onun havadarlarını da çarəsiz duruma saldı. Xalqın istəyini, keçirdiyi hissləri daha yaxşı anlayan Ali Baş Komandanın xalqa son müracətində dediyi kimi: Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq.

Təhməz Əsədov Son.az