Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?


Digərləri 20 Okt 2020 19:15:00 207 0

Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?

Azərbaycanda son günlər koronavirusla bağlı yoluxma statistikasında dalğavari dəyişmə ondan xəbər verir ki, virus hələ də aktivdir, patogendir, insanları yoluxdurmaqda davam edir. Ona görə də daha diqqətli olmalıyıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu REAL TV-yə müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva bildirib. O qeyd edib ki, yoluxma faktı həm də insanların klinikaya hansı zaman müraciət etməsindən, analizlərin götürülmə vaxtından asılıdır.

Həkimin sözlərinə görə, əslində ötən gün virusa yeni yoluxma rəqəmi (331 -red.) bizim əhali üçün böyük rəqəm sayıla bilər: "Əgər dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməsəydi, bu rəqəm daha da çox ola bilərdi.

Hazırda təkcə bizim ölkəmizdə deyil, bütün dünyada virusa yoluxma sayında artım müşahidə olunur. Bəzi insanların şüuru çox yüksəkdir, ailələrinə, özlərinə diqqətlidirlər, qoyulan qaydalara əməl edirlər. Qaydalar da çox sadədir: əllərin gigiyenası, maska taxmaq, havada olmaq, sosial məsafə saxlamaq və sair. Təəssüf ki, bəzi insanlar buna əməl etmirlər, bu faktlara inamsız yanaşırlar. Nə qədər qadağalar qoyulsa da, ad günləri, yas mərasimləri keçirirlər, qapalı məkanlarda toplaşırlar. Nəticədə daha çox yoluxma olur".