"Dağlıq Qarabağ münaqişəsində son gərginlik Ermənistan üçün utancdır"


Siyasət 20 Okt 2020 09:36:00 162 0

"Dağlıq Qarabağ münaqişəsində son gərginlik Ermənistan üçün utancdır"

Dağlıq Qarabağ münaqişəsində son gərginlik dünya erməni icması və Ermənistanın özü üçün utancdır.

Son.az bildirir ki, bunu Trend-ə amerikalı diplomat Con Mareska deyib. O bildirib ki, ədalətli və dayanıqlı nəticənin əldə olunması üçün münaqişə sülh yolu ilə həll olunmalıdır.

Diplomat əlavə edib ki, günahsız sakinlərə və tarixi şəhərlərə hücumlar vəziyyəti daha da çətinləşdirir, bu və ya digər həll yolunu mümkünsüz edir: "Dağlıq Qarabağ münaqişəsindəki vəziyyət mən 1992-ci ildə ilk dəfə beynəlxalq görüş keçirməyi təklif etdiyim vaxtdan bəri dəyişməyib. Həmin görüş 1992-ci ilin iyununda Romada İtaliyanın sədrliyi ilə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağın iki icmasının nümayəndələri arasında keçirilmişdi. O vaxtdan etibarən bölgədə vəziyyət dəyişməyib, əksinə, daha da pisləşib, hər iki tərəfdən insanlar ölməyə davam edib".

O vurğulayıb ki, Gəncədə mülki hədəflərə raket atəşi münaqişənin gərginləşməsi deməkdir: "Bu münaqişə başa çatmalıdır. Beynəlxalq ictimaiyyət ədalətli və sabit tənzimləmənin təmin olunması üçün bütün öhdəlikləri yerinə yetirməlidir. Beynəlxalq və regional sərhədlərə əməl olunmalıdır. İşğal olunmuş ərazilər, təkcə Dağlıq Qarabağ yox, həm də ətraf rayonlar Azərbaycanın suverenliyi altına qaytarılmalıdır".

C.Mareska bildirib ki, münaqişənin dinc yolla həlli üçün elementlər uzun illər boyunca məlum olub: "Bunlar arasında atəşin tamamilə dayandırılması, bütün işğalçı qüvvələrin çıxarılması və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət, suveren Azərbaycan dövlətinin tərkib hissəsi olan Dağlıq Qarabağın razılaşdırılmış və tanınmış muxtariyyəti barədə razılaşma, qaçqınların təhlükəsiz və könüllü şəkildə öz evlərinə qayıtması, müvafiq sərhədlər boyunca sülhə nəzarət məqsədi ilə beynəlxalq qüvvələrin tətbiq olunması. Bu elementlər artıq uzun illərdir ki, danışıqlar masasındadır. Onları qəbul edib, qan tökülməsinin qarşısını almağın vaxtı çatıb".