Prezident İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir


Siyasət 19 Okt 2020 20:33:00 137 0

Prezident İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir

İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli həyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər, əlbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma "Dağlıq Qarabağ respublikası"nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası "Çıxış" adlanırdı - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, "Amnesty International", "Transparency", "Human Rights Watch", "Freedom House"un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, "Rusiyalı işğalçılar, rədd olun" şüarları ilə çıxır edirdilər. Buna görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccüblənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var".