Strasburqda Azərbaycana dəstək aksiyası keçirilib FOTO


Siyasət 18 Okt 2020 23:14:00 197 0

Strasburqda Azərbaycana dəstək aksiyası keçirilib  FOTO

Strasburqda Azərbaycanın haqq işinə dəstək aksiyası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən verilən məlumata görə, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü, oktyabrın 18-də ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində toplaşaraq, Ermənistanın hərbi təcavüzü və işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti və xalqına dəstəyini ifadə ediblər. Gəncə və ölkəmizin digər şəhər və rayonlarında yaşayan mülki əhaliyə qarşı Ermənistanın törətdiyi hərbi cinayətləri qınayan aksiya iştirakçıları qətlə yetirilmiş günahsız vətəndaşlarımız və erməni işğalçıları ilə mübarizədə döyüş meydanında həyatlarını fəda etmiş Azərbaycanın qəhrəman hərbiçilərinin əziz xatirəsini yad ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Fransada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva bu tarixi günlərdə xalqımızın nümayiş etdirdiyi dəyanət, qətiyyət və birliyi alqışlayıb, dünyanın müxtəlif guşələrində məskunlaşmış soydaşlarımızın hər bir dəstəyinin dəyərli olduğunu vurğulayıb və həmvətənlərimizi xüsusilə yerli mətbuatla təmaslar və eləcə də sosial mediada fəal olmağa çağırıblar.