Şahçıraq adı ilə məşhur olunan ziyarətgahda kim dəfn edilib?


Digərləri 18 Okt 2020 20:55:00 223 0

Şahçıraq adı ilə məşhur olunan ziyarətgahda kim dəfn edilib?

İranın Şiraz şəhərində yerləşən Şahçıraq ziyarətgahında yeddinci İmam Musa Kazimin (ə) oğlu imamzadə Əhməd dəfn edilmişdir. İmamzadə Əhməd qardaşı İmam Rzanın (ə) Xorasana səfərindən sonra onu ziyarət etmək məqsədi ilə Əhli-beyt tərəfdarları ilə birlikdə Mədinədən çıxmışdır. O yolda ikən İmam Rza (ə) zəhərlə şəhadətə çatdırıldı. Xəlifə Məmun yerli hakimlərə əmr verdi ki, Əhli-beyt tərəfdarlarının Xorasana gəlməsinə imkan verməsinlər və yolda ikən onları məhv etsinlər. Şiraz şəhərinin yaxınlığında imamzadə Əhmədin tərəfdarları ilə yerli hakimin qoşunu arasında döyüş baş verdi. Döyüşün əvvəlində Əhli-beyt tərəfdarları qələbə qazansalar da, düşmən hiylə nəticəsində üstünlüyü ələ keçirdi. İmamzadə Əhməd, qardaşı Məhəmməd və xeyli Əhli-beyt dostu şəhadətə çatdırıldı. Bu imamzadələrin hər ikisinin məzarı Şiraz şəhərindədir. İmamzadə Əhmədin dəfn edildiyi yer uzun müddət gizli qalmış, sonralar qəbrin üzərində hər cümə günü görünən nura görə "Şahçıraq" adlandırılmışdır. Atabəylərin zamanında burada ziyarətgah binası tikilmiş, daha sonralar bu bina Şah İsmayıl tərəfindən təmir edilib genişləndirilmişdir. Bir neçə dəfə zəlzələ nəticəsində dağılmış ziyarətgahı Nadir şah və Qacar hökmdarları təmir etdirmişlər. Hazırda burada böyük ziyarətgah kompleksi yerləşir.