Həmkarının tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadını ərə getmiş gördü


Kriminal 18 Okt 2020 16:27:00 173 0

Həmkarının tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadını ərə getmiş gördü

Son.az kulis.az-a istinadən Xalq yazıçısı, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu haqqında maraqlı faktları təqdim edir.

Abdullayev Gülhüsen Hüseyn oğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub. 3 yaşı olanda ailəsi ilə birgə Bakıya köçdüyündən orta təhsilini burda alır. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

***

1942-ci ildə tələbə ikən bir qrup gənclə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün İldırım təşkilatı yaradırlar. Bu təşkilatı yaradanlar səkkiz nəfər olurlar. Məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilatda daxilində yeganə yazıçı olan Gülhüseyn Hüseynoğlu xalq içində təbliğat işi aparmalı idi.

***

Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb onun da bu təşkilata qoşulmasını istəsinlər. G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətlə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir müddət sonra şair onları ələ verir.

***

1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu həbs edib, işgəncələr veriblər. Ondan sonra Gülhüseyn müəllim və digər təşkilat üzvləri saxlanılır. Bu təşkilatın başçısı Gülhüseyn müəllim idi. Üç nəfərə ölüm hökmü kəsilir. Həyat və ya bəxtləri elə gətirir ki, hökmdən bir-iki gün qabaq SSRİ-də ölüm cəzası ləğv olunur və bunlara ən yüksək cəza olan 25 il həbs cəzası verilir. Hətta Stalin özü bu işdən xəbərdar imiş. Stalin SSRİ DTK-nın sədri Abakumova göstəriş verib ki, tələbələrə 10 il verməzlər. Onlar 10 ildən sonra daha da güclənərək gələcəklər. Onlara maksimal cəza verin ki, gedər-gəlməzə getsinlər, gedib ordan qayıtmasınlar.

Gülhüseyn Hüseynoğlu həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar."

***

Həmin məktubun tam mətni olduğu kimi qalmaqdadır. Rəhmətlik Ziya Bünyadov arxivlərdən yazıçının bütün işini götürüb. Onu "Qırmızı terror" kitabında dərc edib. O vaxt "Ədəbiyyat qəzeti"nin nömrələrində bütün məhkəmə işləri dərc edilib.

***

1956-cı ildə o, tam bəraət alaraq aspiranturaya bərpa edilib, universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub.

***

Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınan yazıçı otuza yaxın kitabın müəllifidir.

***

Gülhüseyn Hüseynoğlu şairliyi, yazıçılığı ilə yanaşı bütün yaradıcılığını həm də Mikayıl Müşfiqin tədqiqatına həsr edib. O, Müşfiq vurğunu idi. Müşfiqin şeirlərindən çox ilham almışdı. 8 il Sibirin ən şaxtalı, çətin yerlərində olan, qayıtdıqdan sonra heç vaxt əyilməyən o cür möhkəm kişinin yeganə kövrək yeri Mikayıl Müşfiq olub. Çox heyfslənirdi ki, bu cavan yaşında insan bu qədər yaratdı və cavan yaşında da getdi. Yəni, yaşasaydı, daha çox yazıb-yarada bilərdi. Hətta bir dəfə Müşviqi xatırlayarkən ağlayaraq deyib, Müşviq sən indi mənim oğlum yaşındasan.