Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?


Digərləri 17 Okt 2020 19:50:00 218 0

Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?

Bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Mütəxəssislərin ehtimalına görə, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-terapevt, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Nazilə Xəlilbəyova deyib:  

"Belə ki, payız aylarında günəşli günlərin sayı azalır, gecələr uzanır, günün qısalması səbəbindən insanlar daha tez yatmağa gedir və s. Ümumiyyətlə, payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Təbiət və iqlim dəyişmələrinin hər biri orqanizmi stress vəziyyətinə salır. Eyni zamanda, dəyişkən küləkli, yağışlı hava, daim dəyişilən meteoşərait insanlarda stressin inkişafına təkan verir. Stress isə öz növbəsində, immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır. Bu xroniki xəstəliklərə ürək-damar sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, artrit və artroz, bəzi ginekoloji və uroloji xəstəliklər, psixi pozulmalar aiddir".

Mütəxəssis vurğulayıb ki, ürək-damar xəstələri daim arterial təzyiqlərinə diqqət yetirməli, düzgün qidalanmalı, fiziki gərginlikdən, stressdən uzaq olmalıdırlar. Havanın temperaturunun kəskin aşağı düşməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə tənəffüs sistemi xəstəliklərinin inkişafına təsir edir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir:

"Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.

Payız aylarında həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi) olan insanları adətən qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət etmək və lazım olan müalicə almaq lazımdır. Müalicədən əlavə pəhriz də çox önəmlidir".