Ermənistanın xain hücumları zərrə qədər də bizi yolumuzdan döndərə bilməz


Siyasət 16 Okt 2020 14:28:00 184 0

Ermənistanın xain hücumları zərrə qədər də bizi yolumuzdan döndərə bilməz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Haber Türk" televiziya kanalına verdiyi müsahibə zamanı bildirib ki, "Ermənilərin xain hücumları zərrə qədər də bizi yolumuzdan döndərə bilməz. Onların məqsədi bizi dayandırmaqdır. Düşmən zənn edir ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz". Çünki Azərbaycan haqq yolundadır, bu yol davam edəcək və qalibiyyətlə başa çatacaq.

Ermənistan döyüş meydanında acı məğlubiyyətlərlərə öz çirkin əməlləri ilə cavab verirlər. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir haldır. Azərbaycan xalqı bunu Xocalı soyqrımının timsalında görmüşdür. Bu xain hücümların təşkil etməklə Ermənistanın qarşıya qoyduğu məqsədlərdən biri də münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməkdir. Məhz buna görə Ermənistan ərazisindən ərazilərimizi, əsasən mülki əhalini və mülki obyektləri atəşə tutaraq Azərbaycanı cavab tədbirlərinə təhrik edirlər. Düşmənin cəbhə bölgəsindən uzaqda yerləşən respublikamızın ikinci böyük şəhəri olan Gəncə şəhərinə, dinc əhaliyə atəş açması Ermənistan tərəfindən törədilən növbəti terror aktıdır. Ancaq bu terror aktı və düşmənin buna bənzər çoxlu sayda çirkin əməlləri Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycanın rəşadətli Ordusu böyük əzmlə, iradə ilə vuruşaraq işğal altında olan bütün torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağı işğaldan azad olmuş bütün torpaqlarımızda dalğalanacaq.

Atəşkəslə bağlı sualı cavablandırarkən Prezident bildirib ki, biz Ermənistana şans verdik. Azərbaycan bu atəşkəsə razı olmaya da bilərdi. Kim bizi məcbur edə bilərdi? Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də o tərəfdən də insanlar ölməsinlər. Ona görə Ermənistana şans verildi ki, danışıqlar yolu ilə, masa arxasında bu münaqişə həll edilsin. Ancaq Ermənistan müharibənin davam etdirilməsini seçdi. Ona görə də Azərbaycan Ordusunun məqsədi indi ancaq irəli getmək, zəfər yürüşünü davam etdirmək, işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edərək, düşmən üzərində tam və qəti qələbəyə nail olmaqdır. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman Azərbaycan Ordusu Müzəffər yürüşünü davam etdirərək işğal altında olan bütün torpaqları işğaldan azad edəcək və Azərbaycan bayrağı Xankəndində, Şuşada və digər azad olmuş torpaqlarda dalğalanacaq.

Rauf Əliyev, Milli Məclisin deputatı

Trend.Az