Azərbaycanda övladlığa götürülən uşaqlara müavinət veriləcək


Digərləri 30 Sen 2020 18:36:00 201 0

Azərbaycanda övladlığa götürülən uşaqlara müavinət veriləcək

Azərbaycanda övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət verilməsi təklif olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Sosial müavinətlər haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihədə övladlığa götürülən uşağa görə hansı halda müavinət təyin ediləcəyi də müəyyənləşir. Övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq.

Dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.