Paşinyan özünü 12 dəqiqədə məhv etdi FOTO


Siyasət 30 Sen 2020 11:40:00 364 0

Paşinyan özünü 12 dəqiqədə məhv etdi  FOTO

Təkcə döyüşdə yox, müsahibələrində də uduzan Paşinyan...

Bədən dili deyilən anlayış var ki, tamamilə şüuraltı baş verən prosesdir. Bədənimiz hadisələrə və vəziyyətlərə daha çox özbaşına, bizdən asılı olmayan reaksiyalar verir. Yəni, insan özü yalan danışsa da, bədən dili onu təkzib edir. Hətta biz danışmasaq da bədən dilimiz qarşı tərəfə nələrsə ifadə etməyə çalışır və ya biz yalan danışsaq, bədənimiz qarşı tərəfə bununla bağlı işarə "ötürür".

Məişət səviyyəsində bədən dili biliklərindən çox da istifdə edilməsə də, liderlərin, dövlət başçılarının görüşləri zamanı onların jest, mimika, oturuş forması, nitqi və başqa xırda nüanslarla ötürdüyü "mesajlar" diqqət çəkir. Necə ki, dünən "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirinin rusiyalı jurnalistlərə müsahibəsi kimi...

Ötən gün sözügedən kanalda "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev, sonra da Ermənistanın Baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak ediblər. Müsahibələrdən əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və qondarma rejimin yaydığı videolar barədə reportaj təqdim olunub.

Müsahibə zamanı diqqət çəkən məqamlardan biri də İlham Əliyev və Nikol Paşinyanın çıxışı zamanı onların bədən dili olub. Belə ki, ölkə başçısı İlham Əliyev sualları dəqiq, səlis, düzgün, özgüvənli şəkildə cavablandırdığı halda, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin verdiyi gözlənilməz suallar qarşısında acizliyini aşkar şəkildə göstərib. Bir cümləni dəfələrlə müxtəlif formada deyən, söz tapmayanda "e", "a" saitlərini uzadan və bundan dəfələrlə istifadə edən Paşinyanın stress və narahatlığı videodan və çıxışından aydın formada görünür. Hətta bunu hər iki tərəfin çıxışından sonra məsələyə münasibət bildirən ekspertlər də təsdiqləyiblər:

"Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ, doğrudan da, böyük kadrlar yetişdirir", - "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko məsələyə münasibət bildirərkən söyləyib. Hətta o, verilişdən sonra rəsmi Tvitter hesabında "Əliyev Paşinyanı yerində otuzdurdu" yazaraq bir da verilişi şərh edib.

Bu veriliş Paşinyanın gülünc və aciz vəziyyətə düşdüyü ilk hal deyil. Belə ki, o, həm Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatı zamanı, həm də, BBC-nin "HARD Talk" proqramında jurnalist Stephen Sackur-un suallarını cavablandırarkən özünü rüsvay edib. Absurd açıqlamaları ilə tanınan Paşinyan bu dəfə də savadsızlığını və təcrübəsizliyini, liderlik xüsusiyyətlərinə malik olmadığını istəmədən isbatlayıb.

Onun dəfələrlə Türkiyə və Azərbaycanla bağlı ittihamları hətta ekspertlər tərəfindən də qınanılıb. Jurnalist İ. Korotçenko açıqlamasında bildirib ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır.

"Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə, doğrudan da, türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər", - deyən ekspert bu fikirləri ilə Paşinyanın yalanlara söykənən bəyanatlar verdiyini təsdiqləyib.

Ümumiyyətlə isə, son proseslər göstərdi ki, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür. Onlar Azərbaycanı təqsirləndirmək, üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün əllərindən gələni edirlər. Çünki erməni tərəfi status-kvonu saxlamaq istəyir. Biz danışıqlara sadiq qalsaq da, Ermənistan bunun tamamilə əksini edir, Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın mülki əhalisini və mülki obyektlərini də atəşə tuturlar.

Bəxtiyar Umarlı Son.az