"Ermənistana dəstək olan ölkələr vəziyyətdən narahatdır, regionda yeni..."


Siyasət 29 Sen 2020 13:56:00 198 0

"Ermənistana dəstək olan ölkələr vəziyyətdən narahatdır, regionda yeni..."

"Bu müharibə işğalın fəsadlarıdır"

Açıq-aşkar görünür ki, Ermənistana açıq da olmasa dolayısıyla dəstək olan ölkələr vəziyyətdən narahatdır.

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib:

Bu müharibə işğalın fəsadıdır

"Vəziyyətdən narahatçılıqdan söhbət gedirsə, narahatçılıq,ilk növbədə, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı, bu işğal faktı ilə bağlı olmalıdır. Əgər işğal olmasaydı, müharibə də olmayacaqdı və bu müharibə işğalın fəsadlarıdır indi biz bunu seyr edirik. Erməni tərəfi öz işğalçı siyasətindən, öz işğalçı praktikasından əl çəksə, əlbəttə ki, müharibə də dayanacaq, sülh də bərqərar olacaq, insanlarımız da doğma yurd-yuvalarına qayıdacaqlar və digər məsələlər də öz həllini tapacaq.

Azərbaycan tərəfi məcburən bu addımı atıb

Dünya ictimaiyyəti, mötəbər təchizatlar problemin həllinə yönəlməlidir, münaqişənin yaratdığı fəsadlara yönəlməməlidir. Qarabağ problemi əgər kökündən həll olunsa, yəqin ki, bütün bu fəsadlar da aradan qalxacaq. Azərbaycan tərəfi məcburən bu addımı atıb. Yəni, Azərbaycan tərəfinin Ermənistan tərəfi məcbur edib ki, bu addımı atsın. Burada məsələnin kökünə baxmaq lazımdır və bu problemin səbəbkarına təzyiq göstərərək məsələni həll etməyə çalışmalıdırlar. 

O demək deyil ki, bunlar deyirlər döyüşləri dərhal dayandırın, biz dayanmalıyıq

Hərbi müstəvi ilə yanaşı eyni zamanda diplomatik müstəvidə də işlər gedir. Biz həm hərbi, həm də diplomatik müstəvidə fəal olmalıyıq. Əlbəttə ki, bəyanat varsa, beynəlxalq təchizat bəyanat verirsə, biz bu bəyanata adekvat cavab verməliyik. Amma bu, o demək deyil ki, bunlar deyirlər döyüşləri dərhal dayandırın, biz dayanmalıyıq. Bu hərbi əməliyyatların öz məntiqi var. Məntiq də ondan ibarətdir ki, hərbi hədəf varsa, bu hərbi hədəfə çatmamış hərbi əməliyyatları dayandırmaq olmaz. Heç bir ordunun tarixində belə bir şey olmayıb. Hansısa hədəflər olmalıdır, hədəflərə çatılmalıdır və bu məsələ həll olunmalıdır.

Regionda yeni geosiyasi mənzərə formalaşır

Azərbaycan ordusu qarşılarına qoyulan hədəflərinə çatmalıdır. Bu, heç müzakirə olunan bir şey deyil. Müzakirə başqa bir şey oluna bilər. Əlbəttə ki, bütün müharibələrdən sonra sülh danışığı gedir. Bəli, biz gələcək sülhlə bağlı fikir mübadiləsi, danışıqlar apara bilərik. Amma yenə də deyirəm, yaranmış vəziyyətdə bu sülhdən yeni hərbi-siyasi reallıqların prizmasından danışa bilərik. Bu yeni hərbi-siyasi reallıq bizim ordumuz, dövlətimiz tərəfindən yaradılır. Çünki bu status-kvonu pozmaq lazım idi. Erməni tərəfi bundan imtina edirdi, biz məcbur olduq bunu pozduq. Regionda yeni geosiyasi reallıq, mənzərə formalaşır, hamı bu reallığı dərk etməlidir, xüsusilə də Ermənistan tərəfi".  

Təhməz Əsədov Son.az