İxtisas seçimi sabah yekunlaşacaq


Digərləri 29 Sen 2020 10:45:00 148 0

İxtisas seçimi sabah yekunlaşacaq

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi 30 sentyabr saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 6‑cı sayında dərc olunub.

Subbakalavrlar da müsabiqədə iştirakı etmək üçün sentyabrın 30-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları "Abituriyent" jurnalının 8-ci sayından seçə bilərlər.