Mətbuat Şurası KİVə müraciət etdi


Digərləri 27 Sen 2020 12:30:00 206 0

Mətbuat Şurası KİVə müraciət etdi

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət edib.

Son.az bildirir ki, müraciətdə deyilir: "Cəbhəboyu ərazilərdə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların intensivləşməsi Azərbaycan mediasının fəaliyyətinə təsir göstərməkdədir. Jurnalistlərimiz cəbhə ilə bağlı xəbərləri yaymağa üstünlük verirlər və bu təbiidir.

Ötən illərin təcrübəsi göstərir ki, media təmsilçilərimiz daha çox cəmiyyətdə ruh yüksəkliyi yaradan, işğal olunmuş torpaqlarımızın azad edilməsini haqq işimiz kimi göstərən materialların təqdimatında fəallıq göstərirlər. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı durumda, onlar, heç şübhəsiz, yenə eyni dəst-xətti tutacaq, Vətən qarşısındakı xidmətlərini layaqətlə yerinə yetirəcəklər.

Hər kəsə bəlli olan reallıqdır ki, yaşadığımız XXI əsrdə müharibələr yalnız səngərlərdə aparılmır. Müharibənin böyük informasiya cəbhəsi var. Bu günlərdə jurnalistlər bu cəbhənin döyüşkən əsgərləridir. Yaxşı əsgər intizamlı əsgərdir. Media təmsilçiləri üçün isə intizam redaksiya tapşırıqlarını qüsursuz yerinə yetirmək, fərdi şəkildə yanaşsaq, peşə borcuna məsuliyyətli yanaşmaqdır. Hər bir media əməkdaşı indiki durumun xalqımız və ölkəmiz üçün həssaslığını ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməlidir.

Jurnalist üçün həssaslıq peşə davranışı qaydalarına tam şəkildə riayət etməkdir. Peşəkarlıq rəsmi mənbələrə istinaddır, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Hər hansı emosiyalara qapılmaq, eyforiya yaradan fikirlərin təqdimatı yolverilməzdir.

Ötən dövrlərin təcrübəsi göstərir ki, cəbhədə gərginliyin artdığı zamanlarda Ermənistana məxsus informasiya diversiya dəstələri də meydana atılır. Onlar Azərbaycan dilli saytlar, sosial şəbəkə profilləri və qrupları yaradaraq "fəallıq" göstərirlər. Azərbaycan şəxs adlı sosial şəbəkə profillərinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə edildiyinə dair faktların mövcudluğu hamımıza məlumdur. Belə bir vəziyyətdə jurnalistikamızın üzərinə eyni zamanda böyük ictimai məsuliyyət düşür. Onlar həm obyektiv informasiyalarla cəmiyyətimizi təmin etməli, həm də qeyd etdiyimiz mənfi təmayüllərə qarşı mübarizə aparmalı, onları aşkarlamalı, cəmiyyətin neqativ yöndə bilgiləndirilməsinin qarşısını almalıdırlar. Təbii ki, bu fəaliyyət müvafiq dövlət qurumlarımızla əlaqəli şəkildə həyata keçirilməli, bütün detallara diqqətli yanaşılmalıdır. İnformasiyalar zamanında, operativ şəkildə insanlarımıza çatdırılmalı, əhali arasında təşviş yaratmağa hesablanmış neqativ meyllərin qarşısı anında alınmalıdır. Azərbaycan Mətbuat Şurasının media təmsilçilərindən gözləntisi budur.